
Ötən il Azərbaycanda 1 427 yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən illə müqayisədə yol-nəqliyyat hadisələri 12,8% azalıb.
Bildirilir ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı ötən illə müqayisədə 12,4% azalaraq 1 952 nəfər olub.
Onlardan 764-ü həlak olub, 1 188-i isə yaralanıb. Hadisələrin 40,2%-i gündüz, 38,4%-i gecə, 21,4%-i isə toran vaxtı baş verib, 29,7%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 86,8%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 12,1% azalaraq 559 nəfər, yaralananların sayı isə 14,1% azalaraq 1 116 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 37,9%-i bir neçə nəqliyyat vasitəsinin, 41,1%-i nəqliyyat vasitələrinin və piyadaların, 21%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,6%-ini, yaralananların isə 71,3%-ini kişilər təşkil edib.