Son zamanlar bələdiyyələrin fəaliyyəti və onlara nəzarət məsələsi müzakirə edilən mövzular arasındadır. Yerli idarəetmənin vacib elementi olan bələdiyyələr vətəndaşların sosial-məişət problemlərinin həlli, infrastruktur layihələrinin icrası və yerli vergilərin idarə olunması baxımından mühüm rol oynayır. Eyni zamanda onların fəaliyyəti üzərində inzibati və ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Bəs bələdiyyələrin fəaliyyətinə nəzarət necə və hansı qurum tərəfindən həyata keçirilir? Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Arzuxan Əlizadə Metbuat.az-a bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, bələdiyyələrə inzibati nəzarəti Ədliyyə Nazirliyi və onun Bələdiyyələrlə İş Baş İdarəsi həyata keçirir. Bələdiyyələrin fəaliyyəti Azərbaycan Konstitusiyasına, "Bələdiyyələrin statusu haqqında" qanuna və digər müvafiq qanunlara uyğun tənzimlənir. Bununla yanaşı, ictimai nəzarət də mövcuddur ki, bu da diqqətə alınmalıdır: “Bələdiyyələr mütəmadi olaraq Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinə hesabat verirlər. Bu hesabatlar əsasən vergilərin yığılması, ayrılan dotasiya və subvensiyaların xərclənməsi, bələdiyyə büdcələrinin idarə olunması və həyata keçirilən yerli layihələrlə bağlıdır. Həmçinin bələdiyyələrə hüquqi şəxs yaratmaq səlahiyyəti də verilib və bəzi bələdiyyələr bu imkanlardan yararlanaraq müxtəlif müəssisələr təsis ediblər. Azərbaycanda bələdiyyələrlə bağlı mükəmməl qanunvericilik bazası formalaşıb, lakin bəzi sahələrdə yeniliklərə, əlavə və dəyişikliklərə ehtiyac var. Bu məsələlər Azərbaycan Milli Məclisinin Regional Məsələlər Komitəsində müzakirə edilir. Komitənin iclaslarında bələdiyyələrin fəaliyyəti, qarşılaşdığı problemlər və onların həlli yolları mütəmadi olaraq diqqətə alınır”.
Deputatın sözlərinə görə, son iclasda 2024-cü ildə Azərbaycan bələdiyyələrinin fəaliyyəti ilə bağlı yekun hesabat dinlənilib və plenar iclasda qəbul edilərək qənaətbəxş hesab olunub. Burada bələdiyyələrin gələcək fəaliyyəti ilə bağlı bir sıra təkliflər də irəli sürülüb. Güman edilir ki, növbəti illərdə bu təkliflər qanunvericilikdə öz əksini tapacaq. Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda müstəqillik dövründə altıncı bələdiyyə seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası artıq seçkilərin yekun nəticələrini təsdiqləyib. Qanuna uyğun olaraq beş gün ərzində bələdiyyələrin ilk iclasları keçirilib, bələdiyyə sədrləri və müavinləri seçilib və bələdiyyələr növbəti beş il üçün fəaliyyətə başlayıblar. Sevinc İbrahimzadə / Metbuat.az