AZ

Kilian Mbappe MS-yə 3 qol vurdu, həftənin ən yaxşısı oldu

“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümü üzrə bu həftənin ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

26 yaşlı futbolçu UEFA-nın rəsmi saytında təşkil olunmuş sorğuda Vitinya (PSJ), Noa Lanq (PSV) və Orkun Kökçünü (“Benfika”) qabaqlayıb.

Xatırladaq ki, Mbappe “Real”ın “Mançester Siti”yə 3:1 hesabıyla qalib gəldiyi cavab oyununda (ilk oyun 3:2) het-trikə imza atıb.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 38 oyuna çıxıb, 28 qol vurub, 4 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
15
12
arena.az

10Mənbələr