Azərbaycan yığmasının futbolçusu Mahir Emreli növbəti dəfə şərəfini qoruduğu Almaniyanın "Nürnberq" klubunun oyununu buraxıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu II Bundesliqanın XXIII turunda "Herta" ilə görüşə çıxmayıb.
Baş məşqçi Miroslav Kloze Berlin səfəri zamanı futbolçumuzun adını matçın protokoluna daxil etməyib.
M.Emreli bu halla artıq ikinci dəfədir ardıcıl üzləşir. M.Kloze sonuncu dəfə fevralın 8-də "Maqdeburq"la qarşılaşmada hücumçuya ehtiyac duymuşdu. Həmyerlimiz həmin matçı ehtiyat oyunçular skamyasında keçirmişdi.
Mahirin "Nürnberq" rəhbərliyi və məşqçilər korpusu ilə münasibətləri bu matçdan sonra bir qədər də korlanıb. Meydançaya çıxmadığından qəzəblənən futbolçumuz 2 gün sonra baş məşqçi ilə söhbətində klubdan ayrılmaq istədiyini nəzərə çatdırıb.
Yayılan məlumatlara görə, Cənubi Koreyanın "Seul" komandası onun xidmətində maraqlıdır. Hətta Emreli asiyalılarla danışıqlar aparmaq üçün ötən həftə bir neçə məşqi buraxmalı olub. Fevralın 17-dən "Nürnberq"in düşərgəsinə qayıdan hücumçu məşqlərə qatılsa da, çempionat matçında forma geyinə bilməyib.