AZ

Mahir Emrelinin komandası “Herta” ilə “sülh bağladı”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçunun klubu Almaniya İkinci Bundesliqasının 23-ci turu çərçivəsində “Herta” ilə qarşılaşıb.

Nürnberqlilər Berlində baş tutan bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0.

Emreli bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı ümumiyyətlə iştirak ərizəsinə daxil edilməyib. Son həftələrdə Cənubi Koreya çempionatından təklif aldığı bildirilən Mahir Emrelinin məhz bu səbəbdən “Nürnberq”in sonuncu oyunlarında iştirak etmədiyi iddia olunur.

Xatırladaq ki, Mahir əvvəlki iki turda da oynamamışdı. Hətta onun buna görə narazılıq etdiyi və məhz bu səbəbdən komandasını dəyişmək istədiyi bildirilir. 27 yaşlı hücumçunun adı Cənubi Koreyanın “Seul” klubu ilə birgə hallanır.

“Nürnberq” 23 oyuna topladığı 35 xalla hazırda 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 10 qələbə qazandığı halda 5 heç-heçə edib, 8 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını martın 1-də evdə “Hannover”ə qarşı keçirəcək.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 15 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
4
35
arena.az

10Mənbələr