AZ

Neymar dəbdəbəli avtomobil kolleksiyasını Braziliyaya gətirə bilmir

“Santos”un braziliyalı ulduz hücumçusu Neymar dəbdəbəli avtomobillərdən ibarət kolleksiyasını vətəni Braziliyaya gətirə bilmir.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Neymarın Braziliyadan kənarda topladığı, müasir, dəbdəbəli avtomobillərdən ibarət böyük kolleksiyası var. Braziliyalı ulduzun avtomobil parkı “Rolls-Royce Ghost”, “Aston Martin DBX”, “Bentley Continental GT”, “Lamborghini Huracan” və G sinfindən olan dörd “Mercedes-Benz”dən ibarətdir. Bildirilir ki, bu müasir avtomobillərdən bəziləri Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə əmək müqaviləsi çərçivəsində əldə edilib. Belə ki, “Ney” illik 160 milyon avro məbləğində gəlirdən əlavə, ərəb klubunda müxtəlif imtiyazlardan da istifadə edib.

Ancaq hazırda Neymar özünün bahalı avtomobillərinin sükanı arxasında zövq ala bilmir. Belə ki, yerli qanunvericilik sənayeni qorumaq və qeyri-vicdani rəqabətin qarşısını almaq məqsədilə istifadə edilmiş avtomobillərin idxalını qadağan edir. Ölkə ərazisinə ancaq yaşı 30 ildən çox olan avtomobillərin idxalına icazə verilir ki, bu da kolleksiya nümunələri olaraq qiymətləndirilir.

Vurğulanır ki, “Ney” hazırda bu məsələnin çözülməsi ilə bağlı da qayğılıdır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış Neymar cari mövsümdə “balıqlar” üçün 4 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 229 oyun, 137 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
1
2
arena.az

10Mənbələr