Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçı təxirə salınıb.
Rekord.az xəbər verir ki, oyun bu gün saat 17:00-da başlamalı idi.
Lakin Bakıya yağan güclü qar səbəbindən Zirə qəsəbəsi stadionunun meydançası oyun üçün əlverişsiz vəziyyətə düşüb. Meydanı qar örtüb. Bu səbəbdən oyun təxirə salınıb.
Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilib ki, Zirə İdman Kompleksinin ot örtüyü səhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsi nəticəsində “Zirə” – “Kəpəz” matçının keçirilməsi üçün hazır vəziyyətə gətirilsə də, oyunöncəsi qar yağışı şiddətini artırıb. Nəticədə qarşılaşmanın baş tutması üçün minimal imkanlar belə əlçatmaz olub.
Matçın baş hakimi Rauf Cabbarov meydançanı təftiş etdikdən sonra oyunun təxirə salınması barədə qərar qəbul edib.
PFL-in yaydığı məlumata görə, “Zirə” – “Kəpəz” qarşılaşması 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək. Qarşılaşma saat 16:00-da başlanacaq.