Futbol üzrə Azərbaycan çempionatnın (Premyer Liqa) 2024/25 mövsümünün 24-cü turunun “Zirə” – “Kəpəz” matçı təxirə salınıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, sözügedən oyun bu gün saat 17:00-da başlamalı idi. Lakin Bakıya yağan güclü qar səbəbindən Zirə qəsəbəsi stadionunun meydançası oyun üçün əlverişsiz vəziyyətə düşüb. Meydanı qar örtüb. Bu səbəbdən oyun təxirə salınıb.
Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilib ki, Zirə İdman Kompleksinin ot örtüyü səhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsi nəticəsində “Zirə” – “Kəpəz” matçının keçirilməsi üçün hazır vəziyyətə gətirilsə də, oyunöncəsi qar yağışı şiddətini artırıb. Nəticədə qarşılaşmanın baş tutması üçün minimal imkanlar belə əlçatmaz olub.
Matçın baş hakimi Rauf Cabbarov meydançanı təftiş etdikdən sonra oyunun təxirə salınması barədə qərar qəbul edib.
PFL-in yaydığı digər məlumata görə, artıq bu qarşılaşmanın yeni tarixi də məlumdur. Peşəkar Futbol Liqasının qərarına əsasən matç sabah – fevralın 24-də Zirə İdman Kompleksində keçiriləcək. Qarşılaşmaya saat 16:00-da start veriləcək.