Fevralın 24-də Türkiyə Superliqasında keçirilən "Qalatasaray" - "Fənərbağça" (0:0) oyunu ətrafında yaşanan gərgin hadisələr səngimək bilmir.

Offsideplus.az xəbər verir ki, matçdan sonra komandaların baş məşqçiləri arasındakı söz atışması məhkəmə predmetinə çevrilib. 

Belə ki, "Qalatasaray" rəhbərliyi "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyo ilə bağlı "rəqibin texniki heyəti meymun kimi tullanırdı" ifadəsinə görə irqçilik maddəsi üzrə Türkiyə hüquq-mühafizə orqanlarına, eləcə də FIFA və UEFA-ya şikayət ünvanlayıb.

İndi də "Fənərbağça" "Cim Bom"u məhkəmə ilə hədələyir. Klubun vitse-prezidenti Acun İlicalı Daily Mail-ə müsahibəsində bunu açıqlayıb: "Biz 110% əminik ki, Mourinyo irqçiliyi nəzərdə tutmurdu. "Meymun kimi tullanmaq" ifadəsi obrazlı şəklində işlədilib. Necə ki, "Sən dovşan kimi qaçırsan" və ya "İlan kimi zəhərlisən" bənzətmələrindən istifadə edirik. Mourinyo ehtiyat oyunçular skamysındakı hərəkəti nəzərə çatdırırdı. Bu, heç bir konkret şəxsə ünvanlanmayıb. Ancaq "Qalatasaray" süni və teatral hay-küy yaratdı. Baş məşqçimizə qarşı aparılan bu xoşagəlməz kampaniyaya görə "Qalatasaray"ı məhkəməyə vermək niyyətindəyik".

Artıq FIFA və UEFA-nın Joze Mourinyonu hansı cəzaya layiq görə biləcəyi müəyyənləşib. Beynəlxalq futbol qurumlarının intizam kodeksində "meymun" sözü irqçilik göstəricisi sayılır. Portuqaliyalı çalışdırıcının günahı sübuta yetirilərsə, onu 10 oyunluq diskvalifikasiya gözləyir.