2013-2014-cü illərdə "Qalatasaray" formasını geyinmiş sabiq futbolçu Didye Droqba "Cim-Bom"a müraciət edib.
Offsideplus.az xəbər verir ki, fransız ulduz "Çelsi"də çıxış edərkən baş məşqçisi olmuş Joze Mourinyonun irqçi olmadığını söyləyib və ona dəstəyini ifadə edib. Droqba sosial şəbəkə səhifəsində yazıb:
"Əziz "Qalatasaray",
Sarı-qırmızılı formanı geyinməkdən necə qürur duyduğumu və Türkiyənin ən titullu klubuna olan sevgimdən xəbərdarsınız.
Derbilərin necə qızğın və alovlu olduğunu bilirik, bunu yaşaya bilmişəm. Joze Mourinyo barədə son şərhləri gördüm. İnanın mənə, Jozeni 25 ildir tanıyıram. O, irqçi deyil və tarix (keçmiş və indi) bunu sübut edə bilər.
Gəlin, oyunlarımıza fokuslanaq, möhtəşəm "aslanlar"a dəstək olaq və 5-ci ulduzumuza yaxınlaşmaq üçün liqada qələbələr qazanaq.
Mənim "atam" necə irqçi ola bilər axı?! Yaxşı görək, uşaqlar..."
Qeyd edək ki, Droqba 2004-2012-ci illərdə "zadəganlar"da çıxış edib. Onun "Çelsi"yə transferini Joze Mourinyo rəhbərlikdən istəyib və ikili 2007-ci ilə qədər London klubunda birlikdə olublar.