Hindistan istehsalı olan silahlar Ermənistanı maraqlandırır.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, İrəvanın silahlardan üçüncü tərəfə qarşı istifadə etmək niyyəti yoxdur: "Aydındır ki, müdafiə Hindistanla çox sıx əməkdaşlıq etdiyimiz sahələrdən biridir. Və güman edirəm ki, bu əməkdaşlıq daha da dərinləşəcək. Amma qeyd etmək istədiyim odur ki, bu əməkdaşlıq, xüsusən də Ermənistanın Hindistan istehsalı olan müəyyən avadanlıq alması üçüncü tərəfə qarşı istifadə üçün nəzərdə tutulmayıb. Yəqin siz bilirsiniz ki, Ermənistanın sülh proqramı var. Biz şərq qonşumuzla sülh danışıqları aparırıq, eyni zamanda, ümumiyyətlə, biz sülhün və sabitliyin yaradılmasına, qonşularımızla münasibətlərin normallaşmasına çox diqqət yetirmişik. Beləliklə, biz müdafiə sektorumuzda, ordumuzda islahatların aparılması və modernləşdirilməsi prosesinin ortasındayıq və burada Hindistanın bəzi konkret sahələr üzrə təcrübəsi, o cümlədən Hindistanda istehsal olunan avadanlıqlar bizim üçün maraqlıdır. Amma bir daha qeyd edim ki, bu, Ermənistanın müdafiə sistemində islahatların aparılması üçündür və bu sistemlərdən heç bir üçüncü tərəfə qarşı istifadə etmək niyyəti yoxdur".
Qeyd edək ki, Ermənistan və Hindistan son illər müdafiə sektorunda əməkdaşlığı xeyli dərinləşdirib. Hindistan Ermənistanın əsas hərbi texnika tədarükçüsünə çevrilib, Ermənistan "Pinaka" reaktiv yaylım atəşi sistemlərini alıb və sırf Hindistan istehsalı olan müdafiə avadanlığının ilk beynəlxalq alıcısı olub.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az