“Qəbul olunan qanunlara əsasən, Azərbaycanda nikah yaşının aşağı salınmasına qanunla verilən imkanın aradan qaldırılması, bu ilin iyulundan qüvvəyə minəcək qanuna əsasən yaxın qohumlar arasında nikahın qadağan olunması, təbii ki, əhalinin sağlamlığının qorunmasına yönəlib. Erkən nikahların qarşısının alınması üçün bir sıra məsuliyyət tədbirləri müəyyən olunub”.
"Unikal" xəbər verir ki, bunu Ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.
Nazir müavini bildirib ki, rəsmi nikahdankənar nikaha daxil olma faktlarının qarşısının alınması üçün maarifləndirmə tədbirləri həyata keçirilir: "Son dövrlərdə pilot olaraq Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən nikahın pozulması ilə bağlı müraciət edən şəxslərə psixoloq müraciəti tövsiyyə olunur. Bunun nəticəsində 20%-ə yaxın şəxslər psixoloq müracətindən sonra nikahın pozulması fikrini dəyişirlər. Bu məsələnin birbaşa qanunvericiliklə tənzimləməsi üçün təkliflər hazırlanır”.
"Hamımızı narahat edən məsələlərdən biri son illərdə nikahın pozulması hallarının artması, aliment və ailə mübahisələrinin artmasının çoxlu sayda məhkəmə qətnamələrinin, icra sənədlərinin ortaya çıxmasına səbəb olur. Ədliyyə Nazirliyinin icra qurumları artan iş yükü fonunda nazirliyin daha effektiv çalışması üçün bütün mümkün vasitələrdən istifadə edir. Amma hesab edirik ki, Ədliyyə Nazirliyi tək bu məsələnin öhdəsindən gəlməkdə müəyyən çətinlik çəkir. Məhkəmə qərarlarının artan tendensiyası göstərir ki, bu, daha çox sayda məhkəmə qərarlarının qəbul etmək və icrası ilə problem həll olunmur. Bir cəmiyyətdə artıq Ali Məhkəməyə qədər gedən məhkəmə aktları, qərarları mübahisə olunur, bəzən insanlar bir-biri ilə prinsip apararaq yuxarı instansiya məhkəmələrinə şikayət etməsi, məhkəmələrin iş yükünü artırır. Bəzən görürsən ki, bir nikahın pozulması faktı özlüyündə bir neçə mübahisəni ortaya çıxarır. Bir nikahın pozulmaısndan yeni aliment mübahisəsi, əmlak bölgüsü və uşaqla ünsiyyət mübahisəsi ortaya çıxır".
Anar Kəlbiyev