14-15 mart tarixlərində Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və UNESCO, ICESCO, Türk Mədəniyyət və İrsi Fondu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun və 30-dan çox aparıcı beynəlxalq mütəxəssisin – arxeoloq, etnoqraf, tarixçi və beynəlxalq hüquq ekspertlərinin iştirakı ilə “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Publika.az xəbər verir ki, konfransda UNESCO adından çıxış edən təşkilatın mədəniyyət sektorunun mədəniyyət və fövqəladə hallar bölməsinin direktoru, 1954-cü il Konvensiyası və 1970-ci il Konvensiyasının katibi, xanım Krista Pikkat silahlı münaqişələr zamanı mədəni və tarixi abidələrin qorunması və mədəni mülkiyyətin qeyri-qanuni ticarətinin qarşısının alınması üzrə mövcud Konvensiyalar barədə məlumat verib.
Eyni zamanda xanım K.Pikkat qeyd edib ki, beynəlxalq hüquqda nəzərdə tutulan öhdəliklərə baxmayaraq, təcrübədə münaqişələr zamanı mədəni mülkiyyət, o cümlədən qədim insan məskənləri dağıntılara, qanunsuz qazıntılara məruz qalır, orada tapılan artefaktlar talan edilir və qeyri-qanuni ticarət predmetinə çevrilir.