AZ

Abasov qələbəni şərh etdi, Hüseynov rəhbərliyi hədəf aldı

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Qalib gəlməyi çox istəyirdik. Milli fasilə əhval-ruhiyyə baxımından bizə kömək edəcək. Narahatlıq o idi ki, qol buraxdıq. Ardı da gələ bilərdi. Oyunu həmin məcrada davam etdirib, qollar da vurmaq olardı. İlk hissədə yaxşı futbol göstərib, yaxşı hücumlar etdik. İkinci hissə oyunun tələbi dəyişdi. Futbolçular bundan da üzüağ çıxdılar, sonadək mübarizə apardılar. Bu 3 xal çempionatdakı mübarizədən qopmamaq baxımından çox önəmlidir”.

Samir Abasov qarşıdakı fasilənin komandası üçün nə dərəcədə faydalı olacağı barədə sualı da cavablandırıb:

“Emin Mahmudov kimi oyunçumuz zədəlidir. Digərləri də var ki, uzun müddətdir zədəlidir. Fasilə onların qayıdışı üçün kömək olacaq. İnanmıram ki, hansısa komanda bu qədər fasiləyə razı olsun. Fasilədən qayıdandan sonra sanki birinci dəfə oyuna başlamış kimi olursan”.

Samir Abasov komandanı avrokuboklara daşıya bilməyəcəyi halda istefa verib-verməyəcəyi barədə suala isə belə cavab verib:

“Komandanı 5 xalla götürmüşdük, 9 oyuna qələbə qazanmamışdıq. Klub üçün avrokuboklara vəsiqə qazanmamaq uğursuzluqdur. Bu qədər məşqçi dəyişərlər, filan deyirsiz. Bəs o nədir, bu nədir? Komandanı hansı vəziyyətdə götürdüyümüzü bilirik. Pis yolda deyilik. Ən azından kubokda yarımfinaldayıq. Heç udmadığımız komandaları uduruq. İstefaya səbəbdirsə… Söylədiklərinizin arxasında nələrsə gizlənir. Beş oyun udursan, deyirlər məşqçi həmkarı ilə necə görüşdü? Biz öz işimizdəyik, rahatıq. Öz işimizi canla-başla görürük. İstefa? Niyə mövzü çıxarırsınız? Çempionata 9-10 tur qalıb, nə olacağı bilinmir. Rəhbərliklə danışdıqlarımızdan xəbəriniz yoxdur. Mənim getməyimi istəyirsiniz?

Mövsümün sonuna kimi bu futbolçularla yolumuza davam etməliyik. Bizdən öndə gedən komandaların içində də, vuruşmaqla, mübarizə aparmaqla yuxarı pillələrə qalxan klublar var. Gələndə bilirdik ki, bu futbolçularla davam edəcəyik. Əlbəttə, elə mövqelər var ki, həmin mövqelərə istədiyim tiplərin olması vacibdir. Çalışacağıq ki, müqaviləm olduğu dövrdə o cür futbolçular olsun. İndiki futbolçulardan maksimum istifadə etmək istəyirik”, deyə Abasov bildirib.

Cavid Hüseynov “Səbail” rəhbərliyini tənqid etdi

“Səbail”in baş məşqçisi Cavid Hüseynov isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Bu oyun bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz xallar qazanır, biz isə son 2 turda uduzmuşduq. Bunu başa düşürdük. Həftəboyu “Neftçi”yə qarşı yaxşı hazırlaşmışdıq. Onların təhlükəli mövqelərini, hansı mövqedən bizə qol vura biləcəklərini uşaqlara başa salmışdıq. Amma təəssüf ki, eyni, mənim istəmədiyim səhvləri etmək üçün komanda əlindən gələni etdi və rəqib bizə qol vurdu. İki qol buraxdıq, hələ daha bir-iki qol da buraxa bilərdik. Uşaqlardan soruşdum ki, bunu demişdim? Hər şeyi əksinə etdilər. Sonradan oyunu toparlamağa çalışdıq. Sistemdə də dəyişiklik etdik. İkinci qolu vura bilmədik, uduzduq, məyusuq.

Futbolçulara deyirəm ki, bu səhvi etmək olmaz. “Neftçi” bizə nə etdi ki? “Neftçi” yaxşı komandadır, amma təhlükəni bilə-bilə 3 xalı əlimizlə verdik “Neftçi”yə. Bilirdik ki, rəqib təzyiq edəcək. Biz pressinqə qarşı uzun hava topları ilə çıxmalıydıq.

“Sponsorumuz onsuz da komandadan əlini çəkib”

Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha 2 futbolçu istəyirdik, alınmadı. Sonuncu yerdə gedən komanda necə ola bilər ki, güclənməsin? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfindən də belədir. Hamı danışır ki, “Səbail” heç kimə lazım deyil. Axı burada nə qədər futbolçu var? Məşqçi kimi Azərbaycana gələcəkdə xeyir verə bilərəm. Xəyallarım, arzularım var. Bu dəqiqə hamı deyir ki, problem Cavid Hüseynovdadır. Xeyr. Problemlər böyükdür. Tək toparlamağa çalışıram. Amma tək gücümüz çatmaz. Məşqçiyə dəstək olmalıdır. “Səbail” qışdan sonra “Şamaxı” ilə matçdan savayı, bütün komandalara qarşı yaxşı oynayıb. Böyük məşqçilər oyunumuzdan, strategiyamızdan danışırlar. “Qarabağ”a qarşı da belə çıxmışdıq. Mənə dedilər ki, tutduğundan əl çəkmə, dönmə. Mən nə edim ki, “Səbail” heç yerdən dəstək görmür? Biz qalib gəlirik, mükafatımız 500 manat olur. Təsəvvür edirsiniz? Pula görə oynamırıq. Amma bu durumda komandaya motivasiya, hansısa dəstək olmalıdır. “Kəpəz” hansısa komandanı udursa, əməlli-başlı pul alır.

16-17 yaşımdan peşəkar futbol oynayıram. Xarakterimi, mərdliyimi, cəsarətimi bilirsiniz. Sözü üzə deyən biriyəm. Tək qalmışm deyirəmsə, demək tək qalmışam. Bu vəziyyətlə barışmayacağam. Sona qədər mübarizə aparacağam. Sadəcə, biz bu durumdan çıxmaq istəyiriksə, birlikdə etməliyik. Hansısa uğurlu nəticə tək məşqçinin işi deyil. Sponsorumuz onsuz da komandadan əlini çəkib. Mən gələndən bəri hansısa maddiyyatdan söhbət gedə bilməz. Mükafat fondu, futbolçu transferi… Hər şeydə azalma var. Bu durumu qabardıram”.

Seçilən
23
5
arena.az

10Mənbələr