Premyer Liqada növbəti baş məşqçi istefası «Səbail»də gerçəkləşdi.
27-ci turun «Neftçi» ilə oyunundan sonra Cavid Hüseynovla müqaviləyə xitam verildi.
Bu qərar komandanın çempionatda sayca 17-ci məğlubiyyətini almasıyla əlaqədar deyil. Kimə belə düşünürsə, bildirək ki, o, səhv edir.
Ayrılıq «fətva»sı sırf gənc mütəxəssisin mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlıdır. 1:2 hhesablı yenilgidən təsirlənən Hüseynov klub rəhbərliyinin ünvanına sərt iradlar səsləndirib.
Ötən ilin noyabrında bu postda Şahin Diniyevi əvəzləmiş çalışdırıcı komandanı gücləndirmək istiqamətində heç bir ciddi ata bilmədiklərini, özünü meydanda tək-tənha hiss etdiyini söyləyib:
“Bu oyun bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz xallar qazanır, biz isə son iki turda uduzmuşduq.
Bunu başa düşürdük. Həftəboyu “Neftçi”yə qarşı yaxşı hazırlaşmışdıq. Onların təhlükəli mövqelərini, hansı mövqedən bizə qol vura biləcəklərini uşaqlara başa salmışdıq.
Amma təəssüf ki, eyni, mənim istəmədiyim səhvləri etmək üçün komanda əlindən gələni etdi və rəqib bizə qol vurdu. İki qol buraxdıq, hələ daha 1-2 qol da buraxa bilərdik.
Uşaqlardan soruşdum ki, bunu demişdim? Hər şeyi əksinə etdilər. Sonradan oyunu toparlamağa çalışdıq.
Sistemdə də dəyişiklik etdik. İkinci qolu vura bilmədik, uduzduq, məyusuq. Futbolçulara deyirəm ki, bu səhvi etmək olmaz.
Bu ötürməni bura o cür vermək olmaz. Futbolçulara tapşırıram ki, bu səhvi etməyin, etdik və iki qol buraxdıq.
“Neftçi” bizə nə etdi ki? “Neftçi” yaxşı komandadır. Amma təhlükəni bilə-bilə üç xalı əlimizlə verdik “Neftçi”yə.
Bilirdik ki, rəqib təzyiq edəcək. Biz pressinqə qarşı uzun hava topları ilə çıxmalıydıq. Məşqçi kimi tək qalmışam.
Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha 2 futbolçu istəyirdik, alınmadı. Sonuncu yerdə gedən komanda necə ola bilər ki, güclənməsin?
Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfindən də belədir. Hamı danışır ki, “Səbail” heç kimə lazım deyil.
Axı burada nə qədər futbolçular var. Məşqçi kimi Azərbaycana gələcəkdə xeyir verə bilərəm. Xəyallarım, arzularım var.
Bu dəqiqə hamı deyir ki, problem Cavid Hüseynovdadır. Xeyr. Problemlər böyükdür.
Tək toparlamağa çalışıram. Amma tək gücümüz çatmaz. Məşqçiyə dəstək olmalıdır.
“Səbail” qışdan sonra “Şamaxı” ilə matçdan savayı, bütün komandalara qarşı yaxşı oynayıb.
Böyük məşqçilər oyunumuzdan, strategiyamızdan danışırlar. “Qarabağ”a qarşı da belə çıxmışdıq. Mənə dedilər ki, tutduğundan əl çəkmə, dönmə.
Mən nə edim ki, “Səbail” heç yerdən dəstək görmür. Biz qalib gəlirik, mükafatımız 500 manat olur. Təsəvvür edirsiz?
Pula görə oynamırıq. Amma bu durumda komandaya motivasiya olaraq, hansısa dəstək olmalıdır.
“Kəpəz” hansısa komandanı udursa, əməlli-başlı pul alır. 16-17 yaşımdam peşəkar futbol oynayıram.
Xarakterimi, mərdliyimi, cəsarətimi bilirsiz. Sözü üzə deyən biriyəm. Tək qalmışm deyirəmsə, demək tək qalmışam.
Həlledici məqamda tək qalsam da, sonuncu pillədə olacağımızla barışmayacam. Sona qədər mübarizə aparacam.
Amma sadəcə biz bu durumdan çıxmaq istəyiriksə, birlikdə etməliyik. Hansısa uğurlu nəticə tək məşqçinin işi deyil.
Sponsorumuz, onsuz da, komandadan əlini çəkib. Mən gələndən bəri hansısa maddiyyatdan söhbət gedə bilməz.
Mükafat fondu, futbolçu transferi… Hər şeydə azalma var. Bu durumu qabardıram».
Buradan aydınlaşır ki, Cavid Hüseynovun «Səbail»dən getmək niyyəti olmayıb. İstefasını rəsmiləşdirən proseslər məhz mətbuat konfransından sonra baş verib.
Klub rəhbərliyi onun mediaya söylədiklərindən xəbər tutan kimi təcili məşvərət keçiriblər. Baş məşqçi də ora çağırılıb.
Bu zaman onlar arasında mübahisə düşüb. Hüseynov jurnalistlərə dediklərini həmin ayaqüstü söhbətdə bir daha təkrarlayıb, «lazımdırsa, elə bu dəqiqə gedə bilərəm» söyləyib.
Funksionerlər isə müəyyən şəxslərlə telefon əlaqəsi saxlayıb və ona «artıq bugündəndən burada deyilsən» cavabı verib.
SPORTİNFO.AZ