AZ

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub - FOTOLAR

Baharın gəlişinin carçısı olan Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub. Martın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, meydanın ortasında yerləşdirilən səməni, eləcə də novruzun personajları olan Bahar qızı, Keçəl, Kosa, cəngavərlər, poeziyamızda xüsusi yeri olan Nizami, Füzuli, Nəsimi, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Məhsəti Gəncəvi kimi dünya şöhrətli söz ustadlarımızın obrazlarını canlandıran aktyorlar, maskodlar, xadulistlər şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş ediblər. Məclisə faytonda daxil olan el ağsaqqalı Dədə Qorqudun cəngavərlərlə birgə “Atəşgah Məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandırması və xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etməsi Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub. Həmçinin, tədbirdə tanınmış incəsənət xadimlərinin sevilən ifaları rəğbətlə qarşılanıb. 

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin, Milli Məclisin deputatlarının, YAP Suraxanı Rayon Təşkilatının sədrinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin və rayon ictimaiyyətinin qatıldığı bayram şənliyində Azərbaycan mədəni irs sənətkarlığına dəstək və kreativ sənaye İctimai Birliyinin, mədəniyyət müəssisələrinin, qəsəbə nümayəndəliklərinin və bələdiyyələrin təqdimatında müxtəlif sənət nümunələrinin nümayiş olunması, milli rəqslər və musiqilər, cəngi sədaları altında pəhləvanların və idmançıların rəngarəng çıxışları, kəndirbazların akrobatik hərəkətləri qonaqların əhval-ruhiyyəsinə bayram ovqatı qatıb.

Yazın gəlişini bildirən və xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, ümumi və məktəbəqədər təhsil müəssisələrinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları və maraqlı çıxışları, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. 

Həmçinin, o, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, qədirbilən xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşmaları, eləcə də Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə bütövləşmiş yurdumuzun hər guşəsində Şanlı Qələbəmizin əbədi bahar gətirdiyi bu əziz bayramın Zəfər ovqatı ilə qeyd edildiyini diqqətə çatdırıb.

Hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmiş bu qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün Şəhidlərimizin xatirəsi bu əziz gündə bir daha ehtiramla yad edilib. Şəhid ailələrinə Novruz bayramı münasibətilə xonçalar, bayram sovqatları verilib.

Seçilən
0
50
unikal.az

10Mənbələr