Qrenlandiyanın siyasi liderləri ABŞ-ın ağır təzyiqinə qarşı mübarizə aparmaq məqsədilə geniş dörd partiyalı hökumət qurmağa razılaşıblar.
APA xəbər verir ki, bu barədə yeni Baş nazir Jens-Frederik Nilsen açıqlama verib.
"Fikir ayrılıqlarımızı və mübahisələrimizi bir kənara qoymağımız çox önəmlidir...Yalnız bu yolla kənardan gələn ağır təzyiqin öhdəsindən gələ bilərik", - yeni Baş nazir bildirib.
Bu bəyanat ABŞ vitse-prezidenti JD Vansın Qrenlandiyaya səfərindən bir neçə saat əvvəl verilib.
Yanvar ayında ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı əldə etmək istəyini yenidən gündəmə gətirib. Tramp bunu həm ABŞ, həm də qlobal təhlükəsizlik üçün vacib sayıb və ABŞ-ın "bu və ya digər şəkildə" adanı alacağını bildirib.
Sorğular isə göstərir ki, Qrenlandiyalılar ABŞ-a qoşulmağa qəti şəkildə qarşıdırlar. Həmçinin, ABŞ seçiciləri də Trampın bu təklifinə müsbət yanaşmırlar.
Bu həftənin əvvəlində Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ABŞ-ı Qrenlandiya məsələsində gərginliyi artırmaqda və Qrenlandiya xalqına hörmətsizlik göstərməkdə ittiham edib.