AZ

Serxio Ramos Meksika klubunda - Rəsmi

Futbol üzrə İspaniya milli komandasının sabiq mərkəz müdafiəçisi Serxio Ramos 38 yaşında özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bundan sonra Meksikanın “Monterrey” klubunun uğurları üçün çalışacaq.

Sports.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

38 yaşlı müdafiəçi ilə müqavilə 2025-ci ilin 31 dekabrına qədər nəzərdə tutulub. Serxio Ramosun yeni komandasında 93 nömrə altında çıxış edəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Serxio Ramos uzun müddət idi azad agent qismində özünə yeni düşərgə axtarırdı.

Ramos “Sevilya”nın məzunudur və Əndəlüs komandasının heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 50 oyun keçirib, 3 qol vurub. Təcrübəli futbolçu 18 ildən sonra, 2023-cü ilin sentyabrında doğma klubuna qayıtmışdı. 2024-cü ilin yayında isə o, “Sevilya”dan ayrılandan bəri işsiz idi. Veteran müdafiəçinin “Sevilya”nın heyətində çıxışının ümumi mənzərəsi belədir: 87 oyun, 10 qol, 1 məhsuldar ötürmə.

Müdafiəçi 2005-ci ildə məhz “Sevilya”dan “Real”a keçib. Ramos karyerasının ən məhsuldar dövrünü Madrid klubunda keçirib. İspan müdafiəçi 2015-2021-ci illərdə “Real”ın kapitanı olub. Ramos “kral klubu” ilə 5 dəfə İspaniya La Liqasını, 2 dəfə İspaniya Kral Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu, 4 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Serxio “Real”dan ayrılandan sonra Fransa nəhəngi PSJ-də oynamağa başlayıb. O, 2021-2023-cü illər aralığında Paris klubunun heyətində 58 oyun keçirib, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. İspan müdafiəçi parislilərlə 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022/2023) qazanıb.

Serxio Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
101
40
arena.az

10Mənbələr