AZ

Mahir Emreli sıraya döndü, “Nürnberq” “Hannover”ə uduzdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 2024/2025-ci illər mövsümünün 24-cü turu çərçivəsində baş tutmuş “Hannover”lə matçın iştirakçısı olub.

Nürnberqlilər doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıblar – 1:2. 36-cı dəqiqədə hesabı açmış “Nürnberq” 42 və 57-ci dəqiqələrdə buraxdığı qollarla məğlub olub.

Son üç oyunda iştirak etməyən, son iki qarşılaşmanın iştirak ərizəsində də yer almayan Mahir nəhayət ki, “Hannover”lə görüşdə iştirak hüququ qazanıb. O, 77-cu dəqiqədə meydana buraxılıb. Azərbaycanlı hücumçu komandasını məğlubiyyətdən xilas edə bilməyib.

“Nürnberq” 24 oyuna topladığı 35 xalla hazırda 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 10 qələbə qazandığı halda 5 heç-heçə edib, 9 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını martın 9-da səfərdə “Proyssen Münster”ə qarşı keçirəcək.

Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 16 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
82
4
arena.az

10Mənbələr