AZ

Tramp bu gün Ukraynaya hərbi yardımın dayandırılmasını müzakirə edəcək

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı araşdırma aparmaq və ola bilsin ki, tədbir görmək üçün Adminstrasiya rəsmiləri ilə görüşəcək...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Nəşr xəbər verir ki, görüş bu gün, martın 3-də baş tutacaq və toplantının nəticəsi Kiyevə hərbi yardımın dayandırılması ilə bitə bilər.

İclasda dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və milli təhlükəsizlik üçün məsul olan digər yüksək vəzifəli məmurlar iştirak edəcək.

NYT mənbələrindən biri bildirib ki, qarşıdan gələn müzakirələrə Ukraynaya hərbi yardımın dayandırılması və ya ləğv edilməsi, o cümlədən keçmiş prezident Co Baydenin administrasiyası tərəfindən təsdiq edilmiş və ödənilmiş sursat və avadanlıq təchizatı daxil ola bilər.

Qeyd edək ki, ötən həftə The New York Times və The Washington Post qəzetləri ABŞ-nin Ukraynaya dəstəyini tamamilə dayandıra biləcəyini yazmışdı. Bu ssenari Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında ictimai mübahisədən sonra müzakirə olunmağa başlayıb.

Xatırladaq ki, 2025-ci ilin fevralına olan məlumata görə, ABŞ Konqresi Ukraynaya dəstək üçün 182,8 milyard dolları təsdiqləyib ki, bunun da 123,9 milyard dolları birbaşa hərbi yardıma ayrılıb.

Poliqon.info

Seçilən
12
39
poliqon.info

10Mənbələr