AZ

Kristiano Ronaldo pərəstiş etdiyi futbolçular haqda danışdı

“Əl-Nəsr” portuqal ulduz hücumçusu Kristiano Ronaldo pərəstiş etdiyi, onu indiki halında olmağa sövq etmiş futbolçulardan söhbət açıb.

Arena.az “Give me Sport” dərgisinə istinadən, portuqal ulduzun bu barədə fikrini təqdim edir:

“Ronaldo və Ronaldinyo özlərinin irsini, özlərinin tarixini qoyublar. Mən deyə bilərəm ki, onlardan çox fərdi mükafatlar qazanmışam, amma onların hər ikisi dünya çempionatlarını qazanıblar. Mən onlara çox rəğbət bəsləyirəm. Mən onların oyunlarını müşahidə etməklə böyümüşəm. Onlardan ən yaxşısının kim olduğunu demək? Bu, əsas deyil. Mən ancaq onu deyərəm ki, onlar mənim kumirlərimdir və futbol tarixində irs qoyublar”, deyə “Kriş” vurğulayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvar ayında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 30 oyuna 25 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 94 oyun, 83 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Ronaldo Portuqaliya yığmasının heyətində 216 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Əlavə edək ki, Ronaldo karyerası ərzində vurduğu 925 qolla futbol tarixinin ən məhsuldar qolçusudur. “Kriş” 1000 qola çatmağı hədəfləyib.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
95
8
arena.az

10Mənbələr