EN

Kristiano Ronaldo dubl etdi, “Əl-Nəsr” 3 qola sevindi - Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 16-cı turu çərçivəsində “Əl-Xalic”lə oyunun iştirakçısı olub.

“Əl-Nəsr” səfərdə baş tutan bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb. Ronaldo bu görüşdə 90 dəqiqə meydanda olub və dubla imza atıb. O, 65-ci və 90+8-ci dəqiqələrdə fərqlənib.

16 turdan sonra 32 xala malik “Əl-Nəsr” 3-cü pillədə qərarlaşıb. “Əl-Hilal” 43 xalla birinci, “Əl-İttihad” 40 xalla ikincidir.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 22 oyuna 19 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 86 oyun, 77 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Chosen
112
9
arena.az

10Sources