EN

Kristiano Ronaldo üçün 40 yaşda ilk qol - Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 19-cu turu çərçivəsində “Əl-Feyha” ilə oyunun iştirakçısı olub.

“Əl-Nəsr” bu oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib. “Nəcd cəngavərləri”nin qələbəsində komandanın yeni transferi, kolumbiyalı mərkəz hücumçusu Con Duran vurduğu iki qolla böyük pay sahibi olub. Portuqal ulduz hücumçu, kapitan Ronaldo isə oyunda son nöqtəni qoyub.

“40 yaşdan sonra ilk qələbə və qol”

Oyundan sonra Ronaldo özünün “X” sosial şəbəkə hesabı üzərindən fikir paylaşıb: “40 yaşdan sonra ilk qələbə və qol”, – “Kriş” dərc edib.

Xatırladaq ki, ulduz futbolçu fevralın 5-də 40 yaşına qədəm qoyub.

Əlavə edək ki, Ronaldo 16 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında həmçinin 3 məhsuldar ötürmə də var. Ümumilikdə Ronaldo peşəkar futbolçu karyerasında vurduğu qolların sayını 924-ə çatdırıb.

19 oyundan 41 xalla “Əl-Nəsr” çempionatın yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Səudiyyə Ərəbistanı Peşəkar Liqasına 49 xalla “Əl-İttihad” başçılıq edir.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 26 oyuna 24 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 90 oyun, 82 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Chosen
94
9
arena.az

10Sources