Güclü ABŞ, hazırda zəifləmiş Rusiya qarşısında geri çəkilməz
Rusiya Ukraynanı tam işğal etməyib ki, qalib kimi ABŞ ilə ciddi şərtlərlə danışsın
ABŞ Ukraynada güzəştlər və sanksiyaların yumşalması qarşılığında müharibənin dayandırılmasını təklif edir. Bu vəziyyəti öz “üstünlüyü” kimi qiymətləndirən Rusiya Ukrayna ilə kifayətlənmir, müharibədən öncə ABŞ/NATO qarşısında irəli sürdüyü tələbləri yenidən aktuallaşdırıb. Trampla Putin arasındakı razılaşmanın detalları bəlli olmasa da, əsas motivin Rusiyanın Ukraynada zəbt etdiyi ərazilər üzərində de-fakto nəzarətinin tanınması olduğu ehtimalı güclüdür. Trampın Putinlə söhbətdən dərhal sonra Zelenski ilə bir saata yaxın davam edən telefon danışığı da mümkün razılaşmanı Kiyevə qəbul etdirmək gedişi kimi görünür. Zelenski daha öncə “təhlükəsizlik təminatı qarşılığında razılaşmanın mümkün olduğu”na işarə etmişdi.
Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə isə “Sherg.az”a açıqlamasında ABŞ Prezidenti D.Trampın Ukraynanı Rusiya güzəştə getməsi barədə səsləndirilən iddiaların inandırıcı olmadığını deyib. Onun sözlərinə görə, D.Tramp atəşkəs əldə etməklə bir sıra ərazilərdən Rusiyanın çıxarılmasını təmin etməyə çalışır:
“Bunun müqabilində Rusiyaya qarşı bir sıra sanksiyalar qaldırıla bilər. ABŞ və Rusiya prezidentlərinin Səudiyyə Ərəbistanında görüşü heç də "Yalta -2" anlamına gəlmir. Yəni burada dünyanın bölüşdürülməsi mümkün deyil. İndi dünyada Avropa və Çin kimi nəhəng güclər var. Zəifləmiş Rusiyaya güzəştə getmək ABŞ-nin oturmuş strategiyasının tənəzzülünə gətirmiş olar. Müharibəni Rusiya prezidenti başlayıb və D.Tramp sələfindən fərqli olaraq diplomatik danışıqlar yolu ilə münaqişəni bitirmək istəyir. Onsuz da C.Bayden Ukraynaya lazımi silahları vermirdi və bundan sonra da verməyəcəkdi. Müharibə davam edəcəkdi. Nəticədə Avropa dövlətləri də müharibəyə qoşula bilərdi. C.Bayden administrasiyası "müharibədə hər iki tərəf qalib olmamalı" prinsipi ilə davam edəcəkdi”.
Politoloqun sözlərinə görə, Rusiya Şərqi Avropanı və digər regionlarda nüfuz dairəsinin formalaşmasına nail olmayacaq:
![](https://todaypress.az/uploads/news/6787bcb2f138c.jpg)
“Bu müharibədə Rusiya kifayət qədər zəifləyib və bir həftəyə Ukraynanı tutacağı planı üç ildir ki, dalana dirənib. Əgər, V.Putin D.Trampın şərtləri ilə razılaşmasa, müharibə davam edə bilər. D.Tramp Ukraynaya C.Bayden administrasiyasından fərqli olaraq öldürücü silahlar verməklə, Rusiyanı tam güzəştə məcbur edə bilər. Artıq respublikaçı senator Ukraynaya öldürücü silahların verilməsi üçün "Kendi Liz qanunu" D.Trampa təqdim edəcək. V.Putinlə D.Tramp görüşü ərəfəsində bu, Rusiyaya mesajdır. D.Tramp və V.Putin görüşü labüddür və müharibənin yeni mərhələyə keçməsi üçün danışıqlar prosesinə ehtiyac var idi. Öz beynəlxalq güc imicini formalaşdıran D.Trampın V.Putin qarşısında məğlub olmaq istəyi yoxdur. Bu, Çini cəsarətləndirə və Avropanın ABŞ-dən üz döndərməsinə gətirib çıxara bilər. Nəticədə ABŞ-nin beynəlxalq aktor rolu zəifləyər. Güclü ABŞ, hazırda zəifləmiş Rusiya qarşısında geri çəkilməz. Rusiya Ukraynanı tam işğal etməyib ki, qalib kimi ABŞ ilə ciddi şərtlərlə danışsın. Rusiyanın onda sərt dili ola bilərdi ki, Ukraynanı tam işğal edib, Kiyevdə öz nümayəndəsini əyləşdirərdi. Belə bir proses də yoxdur”.