EN

Avropa razılaşa bilmədi - Ukraynaya daha bir ZƏRBƏ

Avropa liderləri ötən gün Parisdə fövqəladə sammit keçirib və Tramp administrasiyasının Avropanın iştirakı olmadan Moskva ilə danışıqlar aparmaq planlarına qarşı nə edəcəyini müzakirə ediblər. 

Modern.az xəbər verir ki, iclasdan sonra konkret qərarlar açıqlanmayıb, lakin Avropa İttifaqı (Aİ) və NATO müdafiə sahəsinə daha çox sərmayə yatırmağın və Kiyevə etibarlı təhlükəsizlik təminatları verilməsinin vacibliyini bəyan edib.

Danışıqlarda Fransa, İngiltərə, Almaniya, İtaliya, İspaniya, Danimarka, Polşa, Niderland liderləri, həmçinin NATO və Avropa İttifaqının rəhbərləri iştirak ediblər.

"Hazır və istəkli. Bugünkü Paris görüşü ilə bağlı fikrim belədir. Avropa irəliyə doğru addım atmağa hazırdır və buna istəklidir. Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə rəhbərlik etməyə də. Biz təhlükəsizliyimizə daha çox sərmayə qoymağa hazırıq. Təfərrüatlar hələ müəyyənləşdirilməyib, lakin öhdəliklər aydındır”, - NATO-nun baş katibi Mark Rutte sosial şəbəkədə yazıb.

Parisdə görüşü təşkil edən Fransa prezidenti Emmanuel Makron da sammitdən sonra oxşar açıqlama verib. Onun sözlərinə görə, avropalılar indi və gələcəkdə müdafiəyə "daha yaxşı, daha çox və birlikdə" sərmayə qoymalıdırlar.

O, həmçinin Parisdəki danışıqlardan sonra ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenskiyə zəng etdiyini bildirib .

“Biz Ukraynada güclü və davamlı sülhə çalışırıq. Bunun üçün Rusiya təcavüzünü dayandırmalı və ukraynalılar üçün güclü və etibarlı təhlükəsizlik zəmanətləri olmalıdır. Əks halda, bu atəşkəsin Minsk razılaşmaları kimi başa çatması riski var”, - deyə Fransa lideri əlavə edib.

Zelenski Makronla söhbətindən də danışıb. “Biz qlobal vəziyyət, Avropadakı vəziyyət və xüsusən də Ukrayna üçün təhlükəsizlik təminatları barədə danışdıq. Bizim ümumi baxışımız var: etibarlı, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Kövrək atəşkəs kimi bu cür zəmanətlər olmadan istənilən başqa həll yalnız Rusiyanın növbəti hiyləsi və Ukraynaya və ya digər Avropa ölkələrinə qarşı Rusiyanın yeni müharibəsinə səbəb olacaq”, - o, teleqramında yazıb.

Böyük Britaniyanın baş naziri Keir Starmer Paris sammitindən sonra ABŞ prezidenti Donald Trampla “uzunmüddətli sülhün əsas elementlərini” müzakirə etmək üçün gələn həftə Vaşinqtona gedəcəyini bildirib.

Starmer yaxın günlərdə Zelenski ilə də danışacağını və bundan sonra Avropa liderlərinin daha bir görüş keçirməsinin gözlənildiyini bildirib.

O vurğulayıb ki, istənilən sülh sazişi ABŞ tərəfindən təmin edilməlidir. "ABŞ-ın təhlükəsizlik zəmanətləri Rusiyanı yenidən Ukraynaya hücumdan çəkindirmək üçün yeganə təsirli yoldur", - Britaniyanın baş naziri deyib.

Starmer, həmçinin uzunmüddətli sülh razılaşması əldə olunarsa, Britaniya qoşunlarını Ukraynaya yerləşdirməyi nəzərdən keçirəcəyini təkrarlayıb.

Ukraynaya qoşun göndəriləcək?

"Financial Times" yazıb ki, Parisdə keçirilən görüş zamanı bəzi Avropa liderləri (ilk növbədə Almaniya, Polşa və İspaniya) Ukraynaya sülhməramlı qüvvələr göndərmək istəmədiklərini bəyan ediblər.

Qəzet görüşün hazırlanmasında iştirak edən üç rəsmi şəxsə istinad edərək bildirib ki, Fransa təmas xəttində deyil, xəttin arxasında yerləşdiriləcək “dəstək qüvvələri”nin yaradılmasını müzakirə etməyi təklif edib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib ki, “Hazırda heç kim Ukraynaya qoşun yeritməyi düşünmür”. Varşava da Ukraynaya qoşun göndərməyə hazır deyil, Polşanın Baş naziri Donald Tusk təsdiqləyib.

Almaniya kansleri Olaf Şolts Ukraynaya qoşun yeritməkdə ehtiyatlı davranıb, bu məsələ ilə bağlı müzakirələrin tez olduğunu bildirib.

İtaliyanın baş naziri Giorgia Meloni Parisdə Ukraynadakı münaqişənin həlli üçün ABŞ ilə əməkdaşlıqdan danışıb. Yerli mətbuat yazır ki, o, Ukrayna məsələsində “anti-Tramp formatı” yaratmaq ideyası ilə razılaşmadığını bildirib. Xanım liderin sözlərinə görə, ABŞ münaqişənin həllinə çalışır və Avropa ölkələri bu prosesdə onlara dəstək verməlidir.

Qəzet onu da qeyd edir ki, İtaliyanın baş naziri görüşün formatından narazı qalıb və hesab edir ki, Ukraynadakı vəziyyətin müzakirəsinə bütün Aİ ölkələrinin, xüsusən də Rusiyaya ən yaxın olan ölkələrin liderləri iştirak etməlidir.

Meloni həmkarlarına Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı tərəddüd etdiyini deyib və bunun müzakirə olunan bütün variantlar arasında "ən çətin və ən az təsirli" olduğunu deyib.

Qərb mətbuatı yazıb ki, Parisdə keçirilən danışıqlarda ümumi mövqenin hazırlanmasında minimal irəliləyiş əldə olunub.

WSJ-nin məlumatına görə, ABŞ Aİ ölkələrindən hansının Ukraynaya qoşun göndərməyə hazır olduğuna cavab vermələrini istəyib. Fransa, Böyük Britaniya və İsveç lehinə səs, Almaniya, İtaliya, Polşa və İspaniya “əleyhinədir” . Ukraynanın ilk beş hərbi donorundan biri olan Danimarka ABŞ-ın mövqeyini tam başa düşmək zərurətini əsas gətirərək dəqiq cavab verməyib.

Avropalı siyasətçilər münaqişənin həllindən sonra ABŞ-ın demarkasiya xətti boyunca təhlükəsizliyin qorunması məsələsini Aİ-nin öhdəsinə buraxacağından qorxurlar ki, bu da Avropa ölkələrinin hazırda Ukraynaya xərclədiklərindən qat-qat artıq xərclərə səbəb olacaq.

Beləliklə, Avropa Ukrayna mövzusunda razılaşa bilmədi. Hazırda Ankarada səfərdə olan Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkəsinin taleyini müzakirə edəcək.

Chosen
25
50
modern.az

10Sources