EN

Qərbi Azərbaycan Xronikası: "Anam dedi ki, qız balalarım erməni vəhşilərinin əlinə düşməməlidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Bizimlə duz-çörək kəsən ermənilər namərdləşmişdilər" adlı veriliş əslən Loru mahalının Vorontsovka (Kalinino) rayonu, Soyuqbulaq kənd sakini Südabə Kazımovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərindən, doğulduğu kəndin fəsillərinin bir-birindən gözəl olduğunu deyib: "Qışda dizə qədər yağan qarı təmizləyərdik. Qarda-boranda məktəbə gedərdik. Yazda hər tərəf gülə, çiçəyə, yaşıllığa bürünərdi. Yayda müəllimlərimizlə gəzməyə gedərdik. Payızda kartof, meyvə, ot tayalarının qapıya yığımı olardı".
Soyuqbulaq kənd sakini erməni vəhşiliyindən söz açıb, deportasiya həyatını anladıb: "1984-cü ilin sonlarında ailə qurub Rusiyaya getdim. 1988-ci ilin noyabrında Soyuqbulağa qayıtmışdım. Xəbər gəldi ki, ermənilər qonşu Qızıl Şəfəqə, oradan da bizim kəndə basqına hazırlaşırlar. Hamı həyəcan içində idi. İllərlə bizimlə bir yerdə duz-çörək kəsən ermənilər duzsuz, namərd olmuşdular. Onlar bizim evlərdə çay içib, çörək yeyir, bizim qapılarda paltar-palaz satıb dolanırdılar. Kəndin kişiləri Göytəpə tərəfə, Qayaburnunun yanına yığışdılar ki, basqın olsa, Qızıl Şəfəqə köməyə qatılsınlar".
Onun sözlərinə görə, ailədə 6 bacı olublar və erməni vəhşiliyi başlayanda evdə olublar: "Rəhmətlik atam eyvanda o yan bu yana gedib Qayaburnu tərəfə baxırdı ki, görsün, ermənilər gəlirmi. Anam bizi sobanın qırağına yığıb dedi ki, əgər ermənilər gəlsələr, hamınız Ətlik gölünə tərəf qaçıb özünüzü gölə atarsınız. Mən sizdən sonda gölə düşəcəyəm. İstəmərəm qız balalarım erməni vəhşilərinin əlinə düşsünlər. Bunlar çox ağır xatirədir. Noyabrın axırlarında qürbətə gedəndən bir-iki ay sonra atamgil köçməli oldu, namərd ermənilər bizi yerimizdən, yurdumuzdan etdilər. Ailəmiz Lökbatanda məskunlaşdı".
O illərin ürəyində çox ağır yara, iz qoyduğunu söyləyən S.Kazımova doğma yurda qayıtmaq ümidi ilə yaşadığını bildirib: "Atamın saçı çox tez töküldü, o, ayrılığa dözə bilmirdi. Anam tez-tez kənd haqqında bayatı söyləyərdi. Vətən həsrəti yaraların ən dərini, Vətən məhəbbəti sevginin ən ucasıdır. Bu gün Qarabağa dönüş olan kimi, bir gün də Qərb Azərbaycana dönüş olacaq. Yaşamaq, övladlarımızı orada böyütmək, o torpağın bizim olduğunu dünyaya göstərmək, yurdumuza sahib çıxmaq, ulularımızın ayağı dəydiyi o torpağı öpüb gözümüz üstünə qoymaq, qəbiristanlıqda uyuyan əzizlərimizi ziyarət etmək üçün biz mütləq dönəcəyik. Çünki o torpaqda ruhum, canım qalıb".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Chosen
10
2
oxu.az

10Sources