Belə görünür ki, “Nürnberq” düşərgəsində hər kəs Mahir Emrelidən əlini üzüb. Belə olmasaydı, həmvətənimiz ardıcıl 3-cü dəfə komandasına yardım etmək imkanından məhrum edilməzdi.
Sonuncu dəfə “Nürnberq”in yanvarın 31-də “Darmştadt”ı 1:0 hesabıyla məğlub etdiyi oyunda start heyətində görünən Mahir fevralın 8-də (“Maqdeburq”la oyunda) ehtiyat oyunçular skamyasında yer almış, fevralın 16-da – “Ulm”la oyunda adı heç iştirak ərizəsinə də salınmamışdı.
Dünən “Nürnberq” 23-cü tur çərçivəsində “Herta”nın qonağı olub və meydandan qolsuz heç-heçə ilə ayrılıb. Komandanın baş məşqçisi Miroslav Kloze bu dəfə də Mahirin adını meydana çıxmaq imkanı olan oyunçuların siyahısına salmayıb. Bu isə o deməkdi ki...
O deməkdi ki, adam bütün körpüləri yandırıb və “Nürnberq”dən ayrılması zaman məsələsidi. Daha nə demək olar? Əslində heç nə! Xaraktersiz və fikri “Seul”un pulunun yanında olan bir Mahir var. Yazıqlar olsun...
ORXAN