EN

Politoloq: Lavrovun qeyd etdikləri Trampın planının bir növ iflasıdır...

ABŞ prezidenti hər fürsətdə Rusiya ilə sülh danışıqlarının “əla” getdiyini bildirir...

Turan Rzayev: “Böyük ehtimalla Lavrov ABŞ-nin nə demək istədiyini bilir. Buna görə də, bunu indidən bloklamaq üçün bu kimi arqumentlərlə çıxış edir”.

“Burada Tramp Ukraynaya güzəştə getdi, Rusiya ilə ittiafa gedir kimi yanaşmalar çox məntiqsiz və absurddur. ABŞ-nin vahid bir siyasi xətti var”.

Bu sözləri politoloq Turan Rzayev Lavrovun sülhlə bağlı dediklərini Poliqon-a şərh edərkən qeyd edib.

Məlumdur ki, ABŞ prezidenti hər fürsətdə Rusiya ilə sülh danışıqlarının “əla” getdiyini bildirir. Lakin dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamalarından belə çıxdı ki, bu heç də belə deyil. Hər şeydən əvvəl Lavrov davamlı sülh sazişi imzalana qədər Rusiyanın atəşkəsə getməyəcəyini, yəni müharibəyə davam edəcəyini, sülhməramlıların münaqişə xəttinə yerləşməsinə icazə verməyəcəyini və Rusiyanın Ukraynada yaşayan rus dillilərin “hüquqlarının” müdafiə edəcəyini bildirib.

Bu şərtlərlə Ukraynada sülhün əldə olunacağına ehtimal vermək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Atəşkəs razılaşmasının imzalanması iddialar arasında daha realdır”.

Ər-Riyaddan sonra Türkiyədə görüşün baş tutmasının danışıqlarda Rusiyanın maraqlı olduğunun göstəricisi olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Trampın nikbinliyinə baxmayaraq, Rusiya yenidən maksimalist mövqedən çıxış edir:

“Əslinə qalsa, Rusiya tərəfi məsələdə haqlıdır. Çünki Lavrovun bu qeyd etdikləri Trampın planının bir növ iflasıdır. Həqiqətən də, Tramp yekun sülh istəmir, yəni sabit sülhdə maraqlı deyil. Sadəcə Ukrayna-Rusiya hərbi toqquşmasının qarşısını almaq və böyük ehtimalla atəşkəs razılaşması ilə etmək istəyir. O vaxta qədər isə başqa məsələlərə fokuslanacaq. Bundan sonrakı dövrdə də Ukrayna ordusu hazırlana bilər.

Burada Tramp Ukraynaya güzəştə getdi, Rusiya ilə ittiafa gedir kimi yanaşmalar çox məntiqsiz və absurddur. ABŞ-nin vahid bir siyasi xətti var. Bu siyasi xətti müəyyən edən beyin mərkəzləri var. Burada prezidentlər icraçı şəxslərdir. Yəni əslində Bayden və Tramp dövrü kimi ayırdığımız bu mərhələdə üslub fərqi var. Liderlərin məsələlərə yanaşma tərzi fərqlidir. Amma icra etdikləri xarici siyasət eynidir.

Turan Rzayev: “İrəli sürürlən şərtlər içərisində sülhməramlıların münaqişə xəttinə yerləşdirilməsi kimi bəndlərə maksimum dərəcədə Rusiya etiraz etməyə çalışacaq”.

Rusiya ilə hazırkı danışıqlar pis getmir. Ən azından ikinci görüşün Türkiyədə baş tutması bundan xəbər verir. Ər-Riyaddan sonra Türkiyədə görüşün baş tutması onu deməyə əsas verir ki, danışıqlarda Rusiya maraqlıdır. Sadəcə Rusiya yenidən maksimalist mövqedən çıxış edir.

Lavrovun bu dedikləri Rusiyanın əvvəldən bəri irəli sürdüyü şərtlərdir. Onu da qeyd edim ki, Lavrov kifayət qədər təcrübəli diplomatdır və böyük ehtimalla Rusiya XİN rəhbəri ABŞ-nin nə demək istədiyini bilir. Buna görə də, bunu indidən bloklamaq üçün bu kimi arqumentlərlə çıxış edir.

Təbii ki, tərəflər arasında ortaq məxrəcə gəlinməsi ehtimaldır. Çünki müharibənin uzanması Rusiyaya sərf etmir. Ən azından irəli sürürlən şərtlər içərisində sülhməramlıların münaqişə xəttinə yerləşdirilməsi kimi bəndlərə maksimum dərəcədə Rusiya etiraz etməyə çalışacaq, bunu qəbul etməyəcək. Ona görə də düşünürəm ki, atəşkəs razılaşmasının imzalanması iddialar arasında daha realdır”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
64
50
poliqon.info

10Sources