Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 22-ci turu çərçivəsində “Əl-Vəhda” ilə oyunun iştirakçısı olub.
“Əl-Nəsr” səfərdə baş tutan bu oyunda rəqibinə 2:0 hesabı ilə qalib gəlib. “Nəcd cəngavərləri”nin kapitanı Ronaldo 90 dəqiqə meydanda olub. Komandasının ilk qolunu da 48-ci dəqiqədə Kristiano vurub. Digər qolu isə rəqib qapısından 90+10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirmiş Sadio Mane keçirib.
Əlavə edək ki, Ronaldo 17 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında həmçinin 3 məhsuldar ötürmə də var.
“Əl-Nəsr” cari mövsümdə 22 oyuna topladığı 47 xalla çempionatın yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Səudiyyə Ərəbistanı Peşəkar Liqasına 55 xalla “Əl-İttihad” başçılıq edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 29 oyuna 25 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 93 oyun, 83 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.