AZ

“Yaşıl iqtisadiyyat”a keçid prioritetdir

Son dövrlər planetdə baş verən gözlənilməz təbiət hadisələri dünyada ekoloji tarazlığın ciddi şəkildə pozulmasından xəbər verir. Ona görə də bu gün “yaşıl iqtisadiyyat”a keçid bütün ölkələr üçün əsas çağırışlardan biridir. Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. Karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcəkdir. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaqdır. Bunun əsasən Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildirilir.
Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa təkan verəcəkdir. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcəkdir.
“Yaşıl enerji”dən istifadə həm də insanların sağlamlığı üçün əhəmiyyətlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyondan çox ölüm halları havanın çirklənməsi ilə bağlıdır. “Yaşıl enerji”dən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir. “Yaşıl enerji” mənbələrindən istifadə edilməsi üçün səmərəli texnologiyaların tətbiqi enerji təchizatının şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir.
Qlobal enerji problemi dünyada enerji resurslarına artan tələbatın davamlı şəkildə ödənilməsini şərtləndirir. Dünya Enerji Şurasının irəli sürdüyü “Enerji trilemması” adlanan konsepsiyada enerji təhlükəsizliyi, əlverişli enerji təchizatı və ekoloji sabitlik arasında tarazlığın yaradılmasına xüsusi diqqət yetirilir. Qlobal enerji təhlükəsizliyi özündə milli və xarici mənbələr hesabına enerji təchizatının səmərəli təşkili, enerji infrastrukturunun etibarlılığı və enerjiyə tələbatın lazımi səviyyədə ödənilməsini ehtiva edir.
Dünyada iqlim dəyişikliyinin dağıdıcı risklərinin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün növbəti 30 il ərzində qlobal enerji sistemində dərin və ardıcıl transformasiyaların baş verəcəyi proqnozlaşdırılır. 2030-cu ilədək qlobal istiləşmənin qarşısını almaq üçün illik 5,7 trilyon ABŞ dolları məbləğində sərmayə qoyuluşu tələb olunur. 1,5°C qlobal istiləşmə strategiyasına uyğun olaraq 2030-cu ilədək xeyli sayda əlavə iş yerinin yaradılması proqnozlaşdırılır.
 “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin də enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir, “yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ hüquqi aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir.
Xatırladaq ki, ölkəmizdə bərpaolunan enerji mənbələrindən səmərəli istifadə ilə bağlı fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Bərpaolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ-hüquqi aktlar qəbul edilir ki, onların sırasında “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu (2021-ci il) mühüm yer tutur
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamından irəli gələrək, bərpaolunan enerji sənayesinin inkişaf etdirilməsi üçün xarici sərmayədarların cəlb edilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanıb və Anlaşma Memorandumu imzalanıb. Prezidentin 2021-ci il 3 may tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib.
 Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaşıl enerji” məkanının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur. Dövlət başçısının 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir.
Artıq Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Bu ərazilər yüksək potensiallı “yaşıl enerji” mənbələrinə malikdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri çayı kimi çayların qollarında böyük hidroenerji imkanları mövcuddur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait var. İlkin proqnozlara görə Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2000 MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və Şuşa rayonlarında geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı da mövcuddur.
Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov deyir ki, artıq Avropa ölkələri, Qərb bu istiqamətdə çox böyük naliyyətlərə imza atıblar: “Məsələn, elə Avropa ölkələri var ki, enerji təminatının 50 faizini yaşıl enerji mənbələrindən istifadə etməklə nail olurlar. Bu da o deməkdir ki, həmin ölkələrdə mavi yanacağa və neft məhsullarına olan tələbat azalır. Bu da dünya bazarlarında dolayı yolla həmin məhsulların qiymətlərinə təsir edir və asılılığı aradan götürür. Neft və qaz bahalaşıb. Bütün bunlar da yaşıl enerjiyə keçidin nə qədər vacib olduğunu bir daha göstərdi".
İqtisadçı bildirib ki, Azərbaycan iqtisadiyyatı böyüyür və əhalinin sayı da artır: "Bu səbəbdən də yaşıl enerjinin inkişafı ölkəmiz üçün vacibdir. Biz yaşıl enerji istehsalını elə bir səviyyəyə çatdırmalıyıq ki, qazımızın bir hissəsini Avropaya nəql edək. Ölkəmizin təbii şəraiti yaşıl enerjinin istehsalına münbit şərait yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə də yaşıl enerjinin istehsalı üçün böyük potensial var. Düşünürəm, xarici investorları ölkəmizdə yaşıl enerji sahəsinə cəlb etməliyik. Neft və qazdan fərqli olaraq, yaşıl enerji mənbələrindən istifadə baha başa gəlir. Bu enerjinin əldə olunmasında istifadə edilən texnologiyalar çoxlu maliyyə vəsaiti tələb edir. İnvestorların ölkəmizə cəlb olunması istiqamətində artıq işlər aparılır. Buna misal olaraq Azərbaycanın və BƏƏ-nin "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalasını göstərmək olar".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
7
Mənbələr
Şərh ()
Bağla