AZ

"Təəssüf ki, psixoloqa yox, estetik cərrahlara müraciət edirlər" - PSİXOLOQ İZAH ETDİ

"İnsanın zahiri görünüşünü bəyənməməsi çox vaxt özgüvən əksikliyi ilə əlaqəlidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, bəzən insan özünü bəyənmir, illərlə onu düzəltməyə çalışır: "Bu, çox vaxt yeniyetməlik dövründə başlayır və böyük yaşlara qədər irəliləyir. Ümumi götürsək, əgər bu, dismorfik pozuntudursa, psixi narahatlığa gətirib çıxarır. Yəni psixolojidən çox psixi problemə çevrilir.

Dismorfik pozuntu odur ki, insan özündə daim qüsur axtarır, heç cür bədəni ilə barışmır. Təəssüflər olsun ki, belə insanlar psixoloqa, psixiatra yox, daha çox estetik cərrahlara müraciət edirlər. Estetik cərrahların da onlara heç bir xeyri olmur. Olsa belə, özlərini yenə bəyənmirlər və yenə də bu davam edir. Ona görə də biz elə problemləri olan insanları daha çox psixiatra yönləndiririk. Psixiatr ona baxış keçirir. Əgər dismorfik pozuntudursa, onun müalicəsini aparır".

"Amma təkcə dismorfik pozuntu deyil, özündən narazı insanlar da var. Onlar heç vaxt özlərini, bədən quruluşlarını bəyənmirlər, hər zaman dəyişdirməyə çalışırlar. Bu, bəzən obsessiv pozuntu kimi də ola bilir. Bəzən də insanın ərköyünlüyü ilə də əlaqəli ola bilir. Onlar bəzən daimi nəyinsə düzəlməsinə çalışır, dəyişiklik istəyirlər.

Bunun səbəblərindən biri özgüvən problemidir. Çox vaxt balaca vaxtı valideynlərin uşaqlara tərbiyə üsulu düzgün seçilmir. Bəzən onları digər uşaqlarla müqayisə edirlər. Xırda nöqsanları olanda onu pisləməyə çalışırlar. Daha çox "eybəcərsən, filan yerin böyükdür, köksən" və sair deyərək uşağın özgüvənini sındırırlar. Beləliklə, o, böyüyəndə özünü bəyənmir. Bəzən bu, travmadan da yarana bilir. Hər hansı münasibətdə, sevgi münasibətində olanda travma alır, ondan sonra da özünü bəyənməməzlik başlayır. Bunun bir neçə səbəbi var. Səbəblərə uşaqlıq travmaları, sonradan yaşanmış travmalar, psixi pozuntular daxildir. Yəni hər üçündə psixoloq mütləq şəkildə baxış keçirməlidir. Amma həmin dismorfik pozuntu olanda isə mütləq psixiatr müayinəsindən keçmək lazımdır. Çünki dərman müalicəsi olmadan psixoterapiya alınması uzun müddət alır və nəticəsiz qala bilir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
77
24
Mənbələr
Şərh ()
Bağla