AZ

Tramp Avropa İttifaqına da rüsum tətbiq edir?

Brüsselin Vaşinqtona qarşı “dəhşətli münasibəti” səbəbindən ABŞ Avropa İttifaqından mallara idxal rüsumları tətbiq edəcək. Bu barədə ABŞ prezidenti Donald Tramp oval kabinetində jurnalistlərə açıqlama verib. Məlumatı “Anadolu” yayıb. 

Ağ Ev rəhbəri ABŞ-a qarşı “pis rəftar edildiyini” və bir çox ölkələrlə ikitərəfli ticarətdə pul itirdiklərini iddia edir. Onun sözlərinə görə, Kanada və Çin də daxil olmaqla bir çox ölkələr üçün yeni gömrük rüsumları tətbiq ediləcək: “Əminəm ki, siz Avropa İttifaqından gələn mallara tariflər tətbiq edəcəyimi eşitməmisiniz. Düzgün cavab istəyirsən, yoxsa siyasi cavab verim? Avropa İttifaqı bizimlə çox pis rəftar etdi”.

Eyni zamanda Tramp xatırladıb ki, fevralın 1-dən Kanada və Meksika üçün 25 faiz, Çin üçün isə 10 faiz gömrük rüsumu tətbiq ediləcək.

ABŞ-ın Kanada neftinə oxşar rüsum tətbiq edib-etməyəcəyi sualına Tramp belə cavab verib: “Yəqin ki, mən o neftə tarifi bir qədər aşağı salacağam. Biz bunu 10 faizə endirəcəyimizi düşünürük”.

Dövlət başçısı ABŞ-ın tarixən həmişə gömrük rüsumları hesabına zənginləşdiyinə diqqət çəkib.

Tramp bu anlayışa qayıtdığını və çip, neft, təbii qaz, polad, alüminium və nəhayət misə tariflər tətbiq edə biləcəyini söyləyib: “Biz, nəhayət çiplərə rüsum tətbiq edəcəyik. Neft və təbii qaza da gömrük rüsumları tətbiq edəcəyik. Çox tezliklə baş verəcək. 18 fevral hadisələrini xatırlayın” 

"Polad, alüminium və nəticədə misə tariflər tətbiq edəcəyik" deyən Tramp, ABŞ hökumətinin Vaşinqtona rüsum tətbiq edən ölkələrə adekvat cavab vermək niyyətində olduğunu bildirib.

P.ƏMİRCANOV
XQ

Seçilən
3
1
xalqqazeti.az

2Mənbələr