Ukrayna əsir götürdüyü iki Şimali Koreya əsgərini geri qaytarmaq əvəzinə Cənubi Koreyaya göndərə bilər. Kiyev müvafiq danışıqlara açıqdır.
Herbiand.az bildirir ki, bu barədə Ukraynanın Cənubi Koreyadakı səfiri Dmitri Ponomarenko “The Korea Times” qəzetinə müsahibəsində bildirib.
"Şimali Koreya hərbçilərinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) repatriasiyası, habelə geri qayıtmaqdan imtina etdikləri halda onların həyatı və azadlığı üçün təhlükəni nəzərə alaraq, biz beynəlxalq tərəfdaşlarla, xüsusilə Koreya Respublikası ilə onların üçüncü ölkələrə təhvil verilməsinin mümkünlüyü ilə bağlı dialoqa açığıq", - diplomat bildirib.
“Korea Times” qeyd edir ki, Cenevrə Konvensiyalarına əsasən, Ukrayna əsir götürülmüş koreyalıların arzusu olarsa, onları Şimali Koreyaya qaytarmağa borclu olacaq. Amma nəzərə alsaq ki, nə Pxenyan, nə də Moskva Şimali Koreya ordusunun Ukraynaya qarşı müharibədə iştirakını rəsmən etiraf etmir. Belə olan halda repatriasiya çətin məsələ ola bilər.
"Əsir mübadiləsi məsələsi çox incədir... Prosesə mənfi təsir göstərməmək üçün hələlik bu məsələ ilə bağlı vaxtından əvvəl şərhlərdən çəkinmək məqsədəuyğun olardı", - Ponomarenko Pxenyanla danışıqların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Bəxtiyar CƏFƏRLİ