Bakı, TurkicWorld
2025-ci ilin yanvar ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 240 min 788 nəfər olub.
Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq, 221 min 224 nəfər, beynəlxalq reyslər üzrə isə 47 faiz artaraq 19 min 564 nəfər təşkil edib.
2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 2 min 51 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, min 693 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 37 faiz artaraq, 358 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 8 faiz artaraq, min 713 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq, min 466, beynəlxalq reyslər üzrə isə 27 faiz artaraq 247 olub.
2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə 365 min 389 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.