Çiba Universitetinin Kosmik Kənd Təsərrüfatı və Bağçılıq Tədqiqat Mərkəzində aparılan "kosmik əkinçilik" sahəsində inqilabi işlər gələcəkdə Ayda yaşayış məntəqələrinin qurulması üçün zəmin hazırlayır.
Valyuta.Az Yaponiyanın "The Asahi Shimbun" qəzetinə istinadla xəbər verir ki, Universitetin Matsudo kampusundakı laboratoriyada torpaqsız bitki yetişdirmək üzərində işlər aparılıb və çiyələk yetişdirməyə nail olublar.
Eyni zamanda, bu tədqiqatçılar Yer kürəsində kənd təsərrüfatı üçün də mühüm ola biləcək yenilikçi texnologiyaları araşdırırlar.
Tədqiqat mərkəzi 2023-cü ilin yanvarında yaradılıb. Çiba Universiteti Yaponiyada bu sahədə ixtisaslaşmış bağçılıq fakültəsinə sahib yeganə milli universitetdir.
Bu fakültə bitki sortlarının təkmilləşdirilməsi və becərmə effektivliyi sahəsindəki qabaqcıl biliklərini kosmik əkinçilik üçün tətbiq edir.
"Kosmosda bitkilər məhdud, qapalı mühitlərdə səmərəli şəkildə yetişdirilməlidir", – deyə Çiba Universitetinin bitki mühiti mühəndisliyi professoru, 64 yaşlı Eici Qoto bildirir. "Ayda kənd təsərrüfatını reallaşdırmaq üçün səmərəliliyi təxminən 50 faiz artırmalıyıq."
Məqsəd 2040-cı illərdə Ayda bir kosmik ferma qurmaqdır.
Bəs planda hansı bitkilər var?
2019-cu ildə Yaponiya Aerokosmik Tədqiqat Agentliyi ("JAXA") ekspertlər panelinin Ayda kənd təsərrüfatı ilə bağlı apardığı geniş müzakirələr əsasında bir hesabat hazırlayıb.
Gələcəkdə Ayda insan məskunlaşması perspektivini nəzərə alaraq, panel ərzaq istehsalı ilə bağlı müxtəlif ideyaları araşdırıb.
Qidalanma balansı, kalori dəyəri və yemək müxtəlifliyi nəzərə alınaraq, Ayda becərilmək üçün səkkiz bitki seçilib: düyü, soya, kartof, şirin kartof, pomidor, çiyələk, xiyar və kahı.
Çiba Universitetinin tədqiqatçıları kartof və şirin kartof istisna olmaqla, bu bitkilərin altısı üzərində çalışırlar.
"Astronavtların ehtiyaclarını qarşılamaq və onlara geniş çeşiddə qida seçimləri təqdim edə bilmək üçün müxtəlif bitkilər yetişdirmək istəyirik", – deyə Qoto bildirir.
Kosmik əkinçilik sahəsində aparılan araşdırmalar təkcə kosmik səyahətlər üçün nəzərdə tutulmur.
"Səmərəli becərmə texnikaları, avtomatlaşdırma və uzaqdan idarəetmə metodları Yer üzündə kənd təsərrüfatına da tətbiq edilə bilər", – deyə Kosmik Kənd Təsərrüfatı və Bağçılıq Tədqiqat Mərkəzinin rəhbəri, 70 yaşlı Hideyuki Takahaşi bildirir.
Məsələn, kosmosda tullantılardan effektiv istifadə edən tam dövriyyəli istehsal sisteminin yaradılması vacibdir. Bu texnologiyalar Yer kürəsində də davamlı bir cəmiyyətin formalaşdırılmasına kömək edə bilər.
"Biz kosmik əkinçiliyi reallaşdırmaq üçün yerli və beynəlxalq tədqiqat institutları ilə əməkdaşlıq edəcəyik.", – deyə Takahaşi vurğulayıb.
Rəhim