Avropa Ukrayna ilə bağlı danışıqlardan kənarda saxlanılır?
Avropa liderləri fevralın 17-də Rusiyanın Ukraynada üç ildir apardığı təcavüzkar müharibəsini müzakirə edəcək.
Parisdə tələm-tələsək təşkil olunan fövqəladə sammitin səbəbinə gəlincə – ABŞ prezidenti Donald Trampın Rusiya ilə müharibəni sonlandırmaq üçün təkbaşına danışacağı, Ukraynanı və onun avropalı müttəfiqlərini kənarda qoyacağı sarıdan qorxular yüksəlir.
AzPost-un məlumatına görə, Azadlıq Radiosunun jurnalisti Kian Şərifi yazır ki, Avropa liderlərinin vahid cəbhədən çıxış edəcəyi, Ukraynanı dəstəkləmək, Avropanın təhlükəsizliyini gücləndirmək üçün yeni təklifləri müzakirə edəcəyi gözlənir.
“Bir qrup Aİ ölkəsi aydın şəkildə bildirəcək ki, pis və tələsik hazırlanmış Tramp sövdələşməsinin tərkib hissəsi deyillər, Ukraynaya dəstəyi davam etdirəcəklər”, – Berlində yerləşən Avropa Xarici Əlaqələr Şurasının siyasi məsələlər üzrə aparıcı əməkdaşı Mayda Ruc deyib.
Trampın Ukrayna və Rusiya üzrə elçisi Kit Kelloq fevralın 15-də deyib ki, Avropa sülh danışıqlarına birbaşa qatılmayacaq. Bundan sonra Avropanın narahatlığı daha da güclənib.
Avropadakı toplantı ilə eyni gündə ABŞ və Rusiya rəsmiləri Səudiyyə Ərəbistanında bir araya gələrək müharibəni bitirməklə bağlı danışıqlara başlayacaqlar. Ukrayna bu danışıqlarda olmayacaq, ehtimal budur.
Ukrayna prezidenti Volodimir Zelenski fevralın 16-da Səudiyyənin qonşusu BƏƏ-yə gedib. Münxen Təhlükəsizlik Konfransından sonra o, iqtisadi əlaqələri gücləndirməyə çalışır. Zelenski daha sonra Səudiyyə Ərəbistanına gedəcəyini açıqlayıb. Amma Ukrayna rəsmilərinin dediyinə görə, onun orada ABŞ, yaxud Rusiya rəsmiləri ilə görüşmək planları yoxdur.
Avropanın təhlükəsizliyi
Bir neçə gün öncə ABŞ müdafiə naziri Pit Heqset deyib ki, Vaşinqton daha əsas diqqəti Avropanın təhlükəsizliyinə yönəltmir. Bu isə qitənin təhlükəsizliyinə daha bir zərbə sayılır.
Vaşinqtonun hərəkətləri həyəcan yaradıb. Qitədəki Avropa liderləri Vaşinqtonun Ukrayna müharibəsinin başa çatdırılmasına birtərəfli saydıqları yanaşmasına necə cavab verməyi götür-qoy edirlər.
Qitənin dərin ziddiyyətləri üstələyə biləcəyi, Ukrayna müharibəsini bitirmək, Rusiyanın öhdəsindən gəlmək üçün ortaya konkret strategiya qoyub-qoymayacağı aydın deyil.
“Avropanın vaxtı daha çox müzakirəyə, bəyanatlar verməyə, çağırışlar etməyə gedib, nəinki sözlərini əməli ilə təsdiqləməyə, Ukraynaya konkret dəstək verməyə, yaxud özünün seçdiyi hər hansı siyasəti yürütməyə”, – Varşavada yerləşən Piletski İnstitutunda Rusiya üzrə ekspert Yen Qarner söyləyir.
Avropa rəsmiləri xəbərdarlıq edirlər ki, tələsik razılaşdırılmış sülh, yaxud atəşkəs Ukraynaya və Avropanın daha geniş təhlükəsizliyinə zərbə vuracaq.
Detallar fikir ayrılığı yaradır
Avropa Ukraynanın ən böyük maliyyə dəstəkçisidir, hətta Birləşmiş Ştatları belə üstələyir. Ancaq hərbi dəstəkdə geri qalır, son illər müdafiə xərclərini, silah istehsalını artıracağı ilə bağlı vədlər verməsinə baxmayaraq.
Macarıstan və Slovakiyanı çıxmaqla, Avropada Ukraynaya dəstək böyükdür. Amma fikir ayrılığı da var.
“Texniki baxımdan hamı yekdil fikirdədir. Problem ondadır ki, planlara daha detallı baxanda heç kəs razı deyil”, – Qarner vurğulayır.
Avropanın ordusunun yaradılması buna ən yaxşı misaldır. Avropa liderlərinin bəziləri deyirlər ki, sülh sazişi razılaşdırılarsa, təhlükəsizliyin təminatı üçün Ukraynaya Avropanın hərbi qüvvələri yerləşdirilsin. Amma digər rəsmiləri, o cümlədən Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bu ideyanı rədd edir.
“Avropanın bütün bu liderləri hələ də potensial ehtimalların içində çabalayırlar. Heç kim yekdil, hərtərəfli, işlək bir plan ortaya qoymayıb ki, konkret bunu etmək istəyirik. Və əlbəttə ki, Tramp, Putin, hətta Zelenskinin özü Avropanı ciddiyə almır”, – bunu da Qarner deyir.