AZ

ABŞ kəşfiyyatı: Putin bütün Ukraynanı fəth etmək niyyətindədir

ABŞ

ABŞ kəşfiyyatının məlumatına görə, Vladimir Putin müharibəni dayandırmaq üçün ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə danışıqlara başlasa da, hələ də bütün Ukraynanı ələ keçirməyə çalışır.

Reyting.az
xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Qərb kəşfiyyat orqanlarının dörd nümayəndəsinə və ABŞ Konqresinin iki üzvünə istinadən edən ABŞ KİV-i yazıb:

“Bizdə Putinin hazırda real sülh razılaşmasında maraqlı olduğuna dair heç bir əlamət yoxdur”, - ABŞ Konqresindəki nümayəndələrdən biri deyib.

Çərşənbə axşamı, fevralın 18-də Rusiya prezidenti Vladimir Putin ABŞ nümayəndələri ilə görüşmək üçün öz nümayəndə heyətini Ər-Riyada göndərib. Danışıqların əsas məqsədi Ukraynada müharibənin mümkün sonunu müzakirə etmək olub.

Bununla belə, mənbələrin sözlərinə görə, hazırkı kəşfiyyat məlumatları Putinin gələcəkdə bütün ölkəni ələ keçirmək fürsətinə ümid edərək hələ də “Ukrayna və Avropanı ram etməyə” çalışır.

“O, qalib gəldiyini düşünür”, - deyən Qərb kəşfiyyat rəsmilərindən biri Rusiyanın döyüş meydanında əhəmiyyətli itkilərinin Putini hədəflərini yenidən nəzərdən keçirməyə və ya hərbi əməliyyatlara son qoymağa məcbur etmədiyini söyləyib.

“NBC News”-a danışan mənbələr hesab edirlər ki, Putin danışıqlardan ordusunu yenidən qurmaq və mövqelərini möhkəmləndirmək üçün taktiki fasilə kimi istifadə edə bilər.

Rəsmilərin fikrincə, Putin atəşkəs və ya müvəqqəti sülh sazişi ilə razılaşsa belə, bu, yalnız qüvvələrin yenidən qruplaşdırılması üçün vaxt udmaq cəhdi ola bilər.

Qərb diplomatları Putinin real güzəştlərə və ya uzunmüddətli sülh sazişinə hazır olduğuna şübhə ilə yanaşırlar. “Rusiya tərəfi ilə hər hansı danışıqlar daha çox potensial Qərb güzəştlərinin müəyyən edilməsinə və Putinin 3 il əvvəl Rusiyanın Ukraynaya təcavüzündən sonra təcridinin dərinləşdiyi beynəlxalq arenaya qayıtmasına yönəldilə bilər”, - deyə onlar əlavə edirlər.

Qərb kəşfiyyat rəsmiləri vurğulayıblar ki, Putinin Ukraynadan qoşunları çıxarmaq və ya Rusiyanın qərb bölgələrində hərbi birləşmələri və texnikanı azaltmaq planı yoxdur. Üstəlik, Tramp administrasiyası nümayəndələrinin ABŞ-nın Ukraynanın NATO-ya üzvlüyünü danışıqlar yolu ilə həllinin real nəticəsi hesab etmədiyinə eyham vuran son bəyanatları Rusiya prezidentinin etimadını artırıb. “Onun məqsədləri maksimalist olaraq qalır”, - bunu bir kəşfiyyat rəsmisi deyib.

ABŞ rəsmiləri bildiriblər ki, müttəfiqlərdən və özlərinin kəşfiyyatı Putinin Ukrayna ilə bağlı geniş ambisiyalarını saxladığını ardıcıl şəkildə təsdiqləyir. Konqres üzvləri və keçmiş yüksək səviyyəli administrasiya rəsmiləri bunun həm Co Baydenin səlahiyyət müddətinin sonunda, həm də Donald Trampa keçid dövründə belə olduğunu vurğulayıblar. Trampın vəzifəyə başlamasından bir ay sonra vəziyyət dəyişməz olaraq qalır.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında Rusiya və ABŞ nümayəndə heyətləri arasında müharibə başlayandan bəri ilk birbaşa danışıqlar baş tutub. “Bloomberg”-in məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Ukrayna prezidenti Vladimir Zelenskini dialoqa daxil etmək təşəbbüsünə baxmayaraq, Ukraynanın danışıqlarda iştirakı həm Moskva, həm də Vaşinqton tərəfindən rədd edilib.

Y. QACAR
Seçilən
74
50
reyting.az

10Mənbələr