AZ

Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasının birinci günü başa çatıb

Bakı, TurkicWorld

Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçirilir.

TurkicWorld xəbər verir ki, 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.

Qeyd edək ki, artıq İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Özbəkistan Respublikası Ali Məclis Senatının sədri Tənzilə Narbayeva, Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lunqten Dorci, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani və Tacikistan Respublikası Ali Məclis Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.

Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib. Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.

Asiya Parlament Assambleyasının baş katibi Mohammad Reza Majidi çıxış edərək bildirib ki, APA Fələstin məsələsini gündəlikdə saxlayacaq.

“Onlarla fələstinli və onların uşaqları qətlə yetirilib. Bizdə az da olsa, ümid var ki, əldə edilən atəşkəs uzunmüddətli olacaq. APA məsələni gündəlikdə saxlamaq niyyətindədir”.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf isə öz növbəsində bildirib ki, qitənin bütün ölkələri Fələstin xalqının səsinin çatdırılmasında məsuliyyət daşıyır:

“Bölgədəki xalq müqaviməti yaxşı təchiz edilmiş hərbçilərə qarşı mübarizə apararaq rejimi strateji məğlubiyyətə uğratdı. Rejim Livan və Qəzzada uğursuzluğun ardınca boş dayanmadı. Regionda yeni sui-qəsdlər hazırlayırlar. Fələstin xalqını müqəddəratını ABŞ və digər dövlət müəyyən etməməlidir. Bu, yalnız Fələstin xalqında məxsusdur”.

Milli Məclisin sədri Sahibə Qafarova da çıxış edərək vurğulayıb ki, Beynəlxalq siyasətdə və dünyada mövcud vəziyyəti nəzərə alsaq, çoxtərəfli əməkdaşlıq məsələsi heç vaxt indiki qədər aktual olmayıb.

Onun sözlərinə görə, bu gün dünyamızın üzləşdiyi humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artması, irqçilik, ksenofobiya və islamofobiya kimi problemlər və onların öhdəsindən necə gəlmək məsələsi müasir beynəlxalq münasibətlər sisteminin səmərəliliyi məsələsini gündəmə gətirir.

Spiker Sahibə Qafarova Azərbaycanın bu problemlərə münasibətdə mövqeyi barədə məlumat verərək, deyib ki, beynəlxalq hüququn bütün norma və prinsiplərinə, beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşusu Ermənistanın işğalı altında qalan Azərbaycan təəssüf ki, bugünkü sistemin səmərəsizliyinin əsas qurbanlarından biri olmuşdur. Azərbaycan bütün bu normaları, prinsipləri və qətnamələri təkbaşına öz ərazilərini azad etməklə, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə həyata keçirib.

Əlavə olaraq Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen qeyd edib ki, Bakı Qafqaz region üçün önəmli mərkəzdir.

O bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır:

“Azərbaycanın ərazi bötüvlüyünün təmin edilməsi region üçün çox önəmlidir. Azərbaycan-Ermənistan sülh danışıqlarının davamlı hala gətirilməsi region üçün faydalar gətirəcək”.

Seçilən
89
17
turkic.world

10Mənbələr