Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fevralın 22-23-də Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarmarkada 20-dən artıq rayondan 50-dən çox fermerin iştirakı gözlənilir.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçirilən yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 160-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Həftəsonu yarmarkaları mart ayının əvvəlinə qədər davam edəcək və yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.