ABŞ-a məxsus “Starlink” xidmətinin Ukrayna üçün əlçatan qalması məsələsi ilk dəfə Vladimir Zelenskinin Ukraynanın təbii sərvətlərinin işlənməsi ilə bağlı ABŞ-ın ilkin təklifini rədd etməsindən sonra “problematik” hala gəlib.
“Reuters”in məlumatına əsasən, bu məsələ ABŞ-ın xüsusi elçisi Kit Kelloq ilə Zelenski arasında son görüş zamanı yenidən müzakirə edilib. Görüşdə bildirilib ki, əgər Ukrayna sözügedən razılaşma üzrə razılığa gəlməsə, ölkə “Starlink” xidmətinin qaçılmaz şəkildə dayandırılması ilə üzləşəcək.
"Starlink Ukrayna üçün pilotsuz uçuş aparatlarını idarə etmək baxımından həyati əhəmiyyət daşıyır və bu, onun hərbi strategiyasının əsas elementlərindən biridir. “Starlink”in itirilməsi müharibənin gedişatını dəyişə bilər”, – nəşr Atlantik Şurasının baş elmi əməkdaşı Melinda Harinqin sözlərini sitat gətirib.
Hazırda Ukrayna pilotsuz texnika və artilleriya mərmilərinin istifadəsi baxımından Rusiya ilə təxminən 1:1 nisbətində paritetə malikdir. Ukrayna geniş çeşiddə– dəniz dronlarından və kəşfiyyat PUA-larından tutmuş uzun mənzilli pilotsuz uçuş aparatlarına qədər müxtəlif pilotsuz vasitələrə sahibdir.
2022-ci ilin fevralında İlon Mask Rusiyanın dağıtdığı rabitə xidmətlərini əvəz etmək üçün Ukraynaya təcili olaraq minlərlə “Starlink” terminalı göndərmişdi. O zaman Mask Ukraynanın qəhrəmanı kimi anılmışdı, lakin 2022-ci ilin payızında o, ən azı bir dəfə “Starlink”in fəaliyyətini məhdudlaşdırıb, çünki Kiyevin müharibəni aparma tərzinə daha tənqidi yanaşmağa başlayıb”, – nəşr yazır.