AZ

Ordubad rayonunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib - FOTO

Fevralın 26-da Ordubad Rayon Mədəniyyət Sarayında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Mərasimdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubad rayonunu təmsil edən deputatlar, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə faciəni əks etdirən sərgi ilə tanış olublar. Burada Xocalı faciəsini əks etdirən fotoşəkillər, sənədlər və digər materiallar nümayiş etdirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin, eləcə də Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək faciə qurbanlarının  xatirəsini ehtiramla yad edib, Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşı olduğunu vurğulayıb. O, erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi qətliamın yalnız azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı bir cinayət olduğunu bildirib. İcra başçısı, Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi və siyasi qiymət verilməsinin vacibliyini qeyd edərək, Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi mühüm işlərdən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı qurbanlarının qisasının alındığını qeyd edib. Dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi qayğının, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin həm də Xocalı şəhidlərinin xatirəsinə ehtiramın ifadəsi olduğunu vurğulayıb. Xocalı faciəsinin unudulmaması və gənc nəslə çatdırılması üçün ölkə daxilində, eləcə də müxtəlif beynəlxalq platformalarda maarifləndirici konfransların həyata keçirildiyini diqqətə çatdıran icra başçısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının əhəmiyyətindən bəhs edib. Kampaniyanın Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığı vurğulanıb.      

Daha sonra Ordubad şəhər 1 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Könül İsmayılova mövzu ətrafında çıxış edib.    

Tədbirin  sonunda iştirakçılara videoçarx təqdim olunub, Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kompozisiyada soyqırım zamanı yaşanan dəhşətli hadisələr, Xocalı sakinlərinə qarşı törədilmiş amansızlıqlar səhnələşdirilib və şəhidlərin xatirəsi ehtiramla yad olunub.

 

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
64
1
olaylar.az

10Mənbələr