ABŞ Almaniyadakı hərbi texnikanı Ermənistandakı sınaq meydançasına köçürəcək.
Məlumata görə, ümumilikdə nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla, 151 ədəd texnikanın daşınması planlaşdırılır. Texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək. Daşınma prosesi iyulun 16-na planlaşdırılıb və avqustun 7-dək davam etməlidir.
Amerika qoşunlarının Ermənistandakı fəaliyyəti ABŞ-nin Zaqafqaziyada təsirini gücləndirməyə şərait yaradacaqmı?
Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan ərazisinə müəyyən bir silah və texnikanın daşınması ABŞ-nin Cənubi Qafqazda mövqelərini ciddi sürətdə gücləndirə bilməz.
Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda mövqeyini gücləndirmək istəsə, bunun ən asan yolu Gürcüstan və Ermənistanın Avro-Atlantik strukturlara intiqrasiya olar:
"Tramp adminstrasiyasının Avropadan Amerika ordusunu çıxarmaq istədiyi ilə bağlı məlumatların artdığı bir zamanda Ermənistana hərbi texnika daşmasının ciddi səbəbi olmalıdır. Hesab etmirəm ki, bu, ABŞ-nin Cənubi Qafqazda mövqelərini gücləndirmək istəyi ilə bağlıdır. ABŞ-nin Ermənistan ərazisində hərbi texnika yerləşdirməsi ehtimal olunan İran müharibəsi ilə bağlı ola bilər".
Xəqani Cəfərli: Bu addımla ABŞ Cənubi Qafqazda mövqelərini ciddi sürətdə gücləndirə bilməz
Politoloqun fikrincə, son günlər İranla müharibə ehtimalı çox artıb və hətta qaçılmaz görünür.
"Belə bir şəraitdə ABŞ İranla həmsərhəd ölkələrdə hərbi iştirakını gücləndirəcək. Bu addımın İranı qorxutmaq üçün hərbi hiylə olması da istisna deyil", - deyə müsahibimiz vurğulayıb.
Gülşən Şərif