AZ

ABŞ ordusu və texnikası Ermənistana gəlir – Moskvadan baxış

Bu, yaxın vaxtlarda elan olunacaq hərbi təlimlərə hazırlıq işləri ilə bağlıdır və ötən il də eynilə bu tarixdə - iyulun 16-dan avqustun 7-dək Ermənistan-ABŞ təlimləri keçirilmişdi.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Suren Sərkisyan RT-nin mümkün erməni-amerikan hərbi təlimləri üçün ABŞ-ın Almaniyanın Dülmen hərbi bazasından Ermənistandakı Çar poliqonuna hərbi və müxtəlif növ texnika daşımağı planlaşdırdığı barədə məlumatını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu yaxınlarda elan olunacaq birgə təlimə hazırlıq gedir:

“Sözügedən Amerika texnikası əvvəlki hərbi təlimlərdən sonra olduğu kimi, sentyabrın 20-dək Ermənistanda qalacaq”.

Rusiyalı analitik, ermənipərəst Stanislav Tarasov isə erməni mediasına açıqlamasında məlumatın rəsmən təsdiqlənməsi gərəkdiyini vurğulayıb:

“Birincisi, bu məlumat təsdiqlənməlidir, çünki bu, İrəvanın vəziyyətini daha da çətinləşdirə bilər. İkincisi, ABŞ-ın Ermənistanla birgə hərbi təlimlər keçirməklə bağlı mümkün qərarı heç bir halda geosiyasi mülahizələrdən irəli gəlmir. Bu, yalnız Ermənistanın düşdüyü vəziyyəti çətinləşdirəcək, çünki sülh müqaviləsinin (Azərbaycanla – red.) imzalanması perspektivi yoxdur.

ABŞ hazırda Ukrayna məsələsi ilə məşğuldur, Ermənistanın bu hərbi təlimləri regionda ön plana çıxarması marginal xarakter daşıyır, orada heç bir perspektiv yoxdur və bu, Ermənistana problem yaradır, təhlükəsizliyini təmin etmir”.

Tarasov İlham Əliyevlə Paşinyanın yürütdüyü siyasətdəki fərqə toxunaraq, Ermənistanın baş nazirinin faktiki olaraq Ukrayna münaqişəsinin həllini gözləmədən özünü Qərbin qucağına atmasına diqqət çəkib:

“İndiki mərhələdə Cənubi Qafqazda hərbi eskalasiya üçün real ilkin şərtlər var. Halbuki eskalasiyanı heç kim istəmir - Türkiyə buna hazır deyil, İran belə bir addım atmayacaq, Rusiya və ABŞ-ın buna vaxtı yoxdur və Avropa da təşkilatlanmayıb”.

Tarasov bildirib ki, Rusiya ABŞ-Ermənistan mümkün hərbi təlimi haqda prosesi izləyir:

“Bu, Ermənistanın qərarıdır, əgər Paşinyan öz işi ilə məşğul olmaq qərarına gəlibsə, bunu etsin. Ermənistan üçün KTMT praktiki olaraq mövcud deyil, o, tezliklə Aİİ-dən də çıxacaq. Qalib gələ bilənlərlə (Rusiyanı nəzərdə tutur – red.) hərbi təlimlər keçirmək lazımdır”.

Qeyd edək ki, RT Pentaqonun mümkün erməni-amerikan hərbi təlimləri üçün Almaniyanın Dülmen hərbi bazasından Ermənistandakı Çar poliqonuna hərbi texnika daşımağı planlaşdırdığı barədə məlumat yayıb. Mənbənin sözlərinə görə, nəqliyyat vasitələri, generatorlar, ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla, 151 ədəd texnikanın daşınması nəzərdə tutulur. ABŞ Müdafiə Nazirliyi məlumatı şərh etməyib.

Seçilən
16
50
axar.az

10Mənbələr