"Tramp Kiyevin maraqlarını kənara qoyaraq, Rusiyanın mövqeyini gücləndirən siyasət yeridir..."
ABŞ prezidenti Donald Tramp Ukraynanın danışıqlardakı mövqeyini daha da zəiflədən bir sıra addımlar atıb. O, özünü arbitr kimi təqdim edərək Ukrayna ilə Rusiya arasında sülh sazişi bağlamağa cəhd etsə də, tərəflərə fərqli yanaşıb- Ukraynaya təzyiq göstərib, Moskvaya isə güzəştə meylli olub.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşr qeyd edir ki, Tramp Zelenski ilə görüşündə Ukraynanın danışıqlarda "kartlarının olmadığını" deyib və Kiyevin ABŞ və Avropadan hərbi yardımlardan asılı olduğunu vurğulayıb. Lakin nəşr yazır ki, Tramp bu zəifliyi daha da artıracaq addımlar atıb. O, Rusiyaya qarşı sərt mövqe sərgiləmək əvəzinə, Putinlə tez-tez əlaqə saxlayıb və onunla 30 günlük atəşkəs barədə razılığa gəlməyə çalışıb, lakin uğursuz olub.
Bununla yanaşı, Tramp administrasiyası Rusiya ilə ikitərəfli əməkdaşlığı yenidən bərpa etmək üçün Səudiyyə Ərəbistanında yüksək səviyyəli görüşlər keçirib. Bu danışıqlarda nə Ukrayna, nə də Avropa tərəfdaşları iştirak edib. Nəşr qeyd edir ki, bu, ABŞ-ın münaqişə ilə bağlı ənənəvi müttəfiqləri ilə əlaqələndirmə aparmadığını göstərir.
Tramp həmçinin Rusiyanın hansı güzəştlərə getməli olduğunu açıq şəkildə müzakirə etməkdən çəkinib, lakin Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsindən imtina etməli olduğunu açıq şəkildə bildirib. Onun milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts bunu "reallıq" adlandırıb. Hətta Tramp Zaporojye AES-in müharibədən sonra ABŞ tərəfindən idarə oluna biləcəyini təklif edib.
Tramp administrasiyası Ukraynaya təhlükəsizlik zəmanəti verməkdən imtina edib və bunun əvəzinə ABŞ şirkətlərinə Ukraynanın gələcək təbii sərvət gəlirlərindən pay verməyi təklif edib. Zelenski bu razılaşmaya ilkin olaraq müsbət yanaşıb, lakin Rusiya belə bir şərt qarşısında qoyulmayıb.
Bundan əlavə, Tramp Zelenskiyə təzyiq göstərməkdə davam edib. O, ABŞ-ın hərbi yardımını dayandırıb və yalnız Ukrayna 30 günlük atəşkəslə razılaşdıqdan sonra bərpa edib. Tramp həmçinin Rusiyanın irəli sürdüyü Ukraynada yeni seçkilər çağırışı ilə razılaşıb, baxmayaraq ki, ölkədə hərbi vəziyyətdə olduğu üçün seçki keçirmək mümkün deyil.
Nəşr vurğulayır ki, Tramp Rusiyaya qarşı konkret addımlar atmadan yalnız sosial şəbəkələrdə sərt bəyanatlar səsləndirib. O, Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmasını müsbət qiymətləndirib və ABŞ-ın Rusiya əleyhinə sanksiyalarla bağlı mövqeyini yumşaldıb. Hətta ABŞ-ın Rusiya təcavüzünə görə məsuliyyət daşıyan şəxsləri araşdıran beynəlxalq qrupdan çıxdığı, eləcə də rusiyalı hakerlərə və dezinformasiyaya qarşı mübarizəni zəiflədiyi bildirilir.
Nəşr vurğulayır ki, Tramp administrasiyası Putinin münaqişəyə dair baxışlarını qəbul edərək, onun Ukraynanın NATO-ya qoşulmaq istəyi səbəbindən işğal etməyə məcbur qaldığı fikrini legitimləşdirir. Ekspertlər hesab edir ki, Tramp və komandası Ukraynanın maraqlarını nəzərə almadan Putinlə razılaşma əldə etməyə çalışır və bu, Kremlin Ukraynanın müstəqilliyini şübhə altına alan mövqelərinə haqq qazandırır.
Trampın "torpaqların bölüşdürülməsi" barədə fikirləri və Ukraynaya qarşı qoyduğu tələblər onu göstərir ki, o, Kiyevin maraqlarını kənara qoyaraq, Rusiyanın mövqeyini gücləndirən siyasət yürüdür. Ekspertlər xəbərdarlıq edir ki, Ukraynanın iştirakı olmadan əldə edilən hər hansı razılaşma qeyri-sabit olacaq və Avropanın təhlükəsizliyi üçün ciddi nəticələr doğura bilər.