AZ

"Tramp Avropaya qarşı: ABŞ və Avropa İttifaqı arasında yeni ticarət müharibəsi" - BBC

 
"Bu münaqişə dünyanın ən böyük iqtisadi tərəfdaşlığını sarsıda və Qərbin uzunmüddətli iqtisadi rifahına son qoya bilər..."
 
ABŞ prezidenti Donald Tramp aprelin 2-də bütün dünya üçün idxal rüsumları tətbiq etməyi planlaşdırır və bu günü "Amerikanın parazitlərdən qurtuluş günü" adlandırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, ən böyük qarşıdurma ABŞ və Avropa İttifaqı (Aİ) arasında baş verəcək. Bu münaqişə, dünyanın ən böyük iqtisadi tərəfdaşlığını sarsıda və Qərbin uzunmüddətli iqtisadi rifahına son qoya bilər.
 
Avropa İttifaqı Vaşinqtonla danışıqlar apararaq müharibənin qarşısını almağa çalışır. Lakin əgər razılıq əldə olunmazsa, Aİ bu dəfə daha hazırlıqlı şəkildə cavab verməyə hazırlaşır və hətta "ticarət bazukası" adlanan aləti işə salmağa qərarlıdır.
 
1. Bu dəfə niyə əvvəlkindən daha ciddi münaqişə gözlənilir?
 
Tramp birinci prezidentliyi dövründə də Avropaya qarşı ticarət rüsumları tətbiq etmişdi, lakin indi qarşıdurma daha genişmiqyaslı və mürəkkəbdir. Əvvəlki münaqişədə əsas narazılıq ABŞ mallarına tətbiq edilən Avropa ticarət baryerləri ilə bağlı idisə, bu dəfə Tramp rüsumları siyasi məqsədlərinə çatmaq üçün təzyiq vasitəsi kimi istifadə edir.
 
Tramp Avropanı daha çox müdafiə xərcləməyə məcbur etmək, ABŞ-dan iri şirkətlərinin vergi bazasını geri qaytarmaq və hətta ABŞ-ın bəzi strateji maraqlarını təmin etmək üçün Aİ-yə qarşı rüsumlar tətbiq etməyi planlaşdırır. O, xüsusilə amerikalı iş adamları İlon Mask və Mark Zukerberg kimi investorların Aİ-dəki sərt tənzimləmə siyasətindən narazı olduğunu bildirir.
 
Əlavə olaraq, Tramp Avropanın idxal tariflərini deyil, Aİ ölkələrinin vergi siyasətini də ədalətsiz hesab edir. O, ABŞ şirkətlərinin Avropada yüksək vergilərlə üzləşdiyini, bu səbəbdən Amerikanın iqtisadi qazancının xaricə axdığını iddia edir. Bu dəfə Avropa yalnız idxal rüsumlarını azaltmaqla və ya ABŞ mallarına qarşı cavab tədbirləri görməklə Trampı geri addım atmağa vadar edə bilməyəcək.
 
2. ABŞ və Avropa İttifaqı bir-birindən nə qədər asılıdır?
 
ABŞ və Avropa İttifaqı dünyanın ən böyük iqtisadi gücləridir və onların ticarət tərəfdaşlığı unikal dərəcədə sıx bağlıdır. Son on ildə iki tərəf arasındakı mal və xidmət ticarəti iki dəfə artıb. ABŞ-ın müdafiə sənayesi, aviasiya və tibb sahələri avropalı texnologiya və komponentlərə böyük ölçüdə ehtiyac duyur. Hətta ABŞ dollarının çap edilməsi üçün istifadə olunan avadanlıq belə Avropa istehsalıdır.
 
Aİ-nin Ticarət Komissarı Maros Şefçoviç qeyd edir ki, ABŞ və Aİ birlikdə dünya ticarətinin təxminən 30 faizini təşkil edir və gündəlik ticarət həcmi 4,5 milyard dollardan çoxdur. O bildirir ki, bu qarşılıqlı əlaqə həm Avropa, həm də ABŞ üçün faydalıdır və burada heç bir "ədalətsizlik" yoxdur.
 
Həmçinin, ABŞ şirkətləri xaricə qoyduğu sərmayələrin yarıdan çoxunu Avropaya yönəldir. Eyni meyl Avropanın ABŞ-dakı sərmayələri üçün də keçərlidir. Avropalı iqtisadçılar bildirir ki, Trampın idxal rüsumları ilə Aİ-yə təzyiq edərək "Amerikanı yenidən möhtəşəm etmək" ideyası iqtisadi baxımdan məntiqsizdir və nəticədə ABŞ-da iş yerlərinin itirilməsinə səbəb ola bilər.
 
3. Trampın Avropaya qarşı əsas ittihamları hansılardır?
 
Trampın Avropaya qarşı ən sərt bəyanatlarından biri belədir: "Avropa İttifaqı ABŞ-ı soymaq üçün yaradılıb. Onlar məqsədlərinə çatdılar, amma indi mən prezidentəm". Tarixi faktlar isə əksini deyir. ABŞ Aİ-nin yaradılmasını dəstəkləyib və onu SSRİ-yə qarşı demokratik bir güc mərkəzi kimi görüb.
 
Aİ rəsmiləri Trampın iddialarını rədd edir. Avropa Mərkəzi Bankının prezidenti, keçmiş BVF rəhbəri Kristin Laqard Trampın fikirlərini "tarixin təhrif edilməsi" adlandırır. Maros Şefçoviç qeyd edir ki, ABŞ və Aİ arasında ticarət balanslıdır. Hərçənd Avropa ABŞ-a daha çox məhsul ixrac edir, lakin bu fərq cəmi 3 faizdir (təxminən 50 milyard dollar).
 
Üstəlik, bu fərq ABŞ-ın Avropaya göstərdiyi xidmətlərlə- maliyyə, rəqəmsal platformalar və sosial şəbəkələr vasitəsilə kompensasiya olunur. Tramp isə Avropanın ABŞ-dan daha çox maye qaz və avtomobil almasını, həmçinin Aİ-nin amerikalı texnologiya şirkətlərinə qoyduğu vergiləri azaltmasını tələb edir.
 
4. Avropa İttifaqı necə cavab verəcək?
 
Avropa İttifaqı artıq ilkin cavab addımlarını atıb. 1 aprel tarixində Trampın ilk prezidentliyi dövründə tətbiq edilən, lakin Bayden administrasiyası dövründə dayandırılan bəzi rüsumlar yenidən qüvvəyə minəcək. 
 
Bunlar arasında burbon viskisi, cins şalvar və "Harley-Davidson" motosikletləri kimi simvolik məhsullara qoyulan vergilər də var. Bununla yanaşı, Aİ əlavə tariflər tətbiq etməyə hazırlaşır, lakin bu proses 27 üzv ölkənin razılığını tələb etdiyi üçün vaxt alacaq.
 
Avropanın əsas çətinliyi odur ki, ABŞ-dan əsasən xidmətlər idxal edir, yəni Trampın tətbiq etdiyi tariflərə qarşı eyni dərəcədə təsirli bir cavab tədbiri hazırlamaq çətindir. Bundan əlavə, Avropanın yeni tariflər tətbiq etməsi daxili bazarda inflyasiyanı artıraraq iqtisadi artımı yavaşlada bilər. 
 
Buna görə də Aİ bu dəfə fərqli strategiya- "ticarət bazukası"nı seçib ("Bazuka" bir növ ticarət nüvə bombası kimi çəkindirici vasitə olaraq düşünülüb, bürokratik Avropa dilində buna "məcburiyyətə qarşı vasitə" deyilir, lakin hətta məmurlar belə "bazuka" ifadəsinə üstünlük verir-red.)
 
5. "Ticarət bazukası" nədir?
 
Bu yeni iqtisadi alət Avropa İttifaqının ticarət məcburiyyətlərinə qarşı yaratdığı bir mexanizmdir. Onun əsas məqsədi yalnız idxal tariflərinə deyil, həm də xidmətlərə, intellektual mülkiyyətə və dövlət satınalmalarına təsir etməklə təzyiq göstərməkdir.
 
İstehza ondadır ki, bu vasitənin yaradılmasını vaxtilə elə ABŞ Çinlə mübarizə aparmaq üçün təşviq edib. İndi isə Aİ həmin aləti ABŞ-a qarşı tətbiq etməyə hazırlaşır.
 
Lakin "bazuka"nın bir zəif tərəfi var- Avropanın qərar mexanizmi uzun müddət tələb edir, çünki üzv ölkələrin əksəriyyəti razılıq verməlidir. Tramp isə prezident fərmanları ilə bir neçə gün ərzində rüsumlar tətbiq edə bilər.
 
Avropa İttifaqının rəsmiləri bildirir ki, bu mexanizmin əsas məqsədi onu real şəkildə tətbiq etmək yox, Trampı danışıqlar masasına oturmağa məcbur etməkdir. Əgər razılıq əldə olunmazsa, Avropa bu dəfə güclü cavab verməyə hazırdır.
 
Müəllif: Aleksey Kalmıkov
Seçilən
75
50
moderator.az

10Mənbələr