EN

Neymar Braziliyadakı topların keyfiyyətindən şikayətləndi

“Santos”un braziliyalı ulduz hücumçusu Neymar vətəni Braziliyadakı futbol toplarının keyfiyyətindən narazılığını ifadə edib.

Arena.az “Globo” şəbəkəsinin “Record” dərgisinə istinadı əsasında məlumat verir ki, “Ney” bu barədə Paulista çempionatının (San-Paulu ştatının birinciliyi) “Korintians”la 9-cu tur səfər oyununda 1:2 hesablı məğlubiyyətdən sonra dilə gəlib:

“Sponsora hörmət öz yerində, mən düşünürəm ki, onlar bu topu azacıq təkmilləşdirməlidirlər. Bu top çox bərbaddır, çempionatımıza kömək məqsədilə bu topa azacıq əl gəzdirib yaxşılaşdırmaq gərəkdir”, deyə təcrübəli futbolçu məzəmmətlə vurğulayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb. Neymar 12 illik fasilədən sonra yenidən “balıqlar”ın heyətində meydana çıxıb, qayıdışından sonra məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 3 oyun keçirib.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib. Bu müddət ərzində braziliyalı ulduz “Santos”un heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

Chosen
11
2
arena.az

10Sources