“Tramp və Putini birləşdirən ortaq cəhət hər ikisinin qüvvədə olan beynəlxalq hüququ tanımamasıdır. Demək olar ki, hər iki lider güc amilinə üstünlük verir. Tramp beynəlxalq hüququ tanımamaqla, siyasi nizamı demontaj etmək siyasəti həyata keçirməyə çalışır. Halbuki, ABŞ beynəlxalq hüququ qoruyan jandarm kimi çıxış edirdi. Tramp bununla da ABŞ-nin oturuşmuş strategiyasını dəyişməyə cəhd edir”.
Bu fikirləri Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, beynəlxalq siyasi münasibətlərin təhdid olunduğu bir nizamda ABŞ Rusiyadan fərqli olaraq bir şəxs tərəfindən idarə olunmur. ABŞ-nin oturuşmuş və müstəqil hakimiyyət qolları var. Həmçinin ayrı-ayrı dövlət institutlarına malikdir. Ona görə də Vaşinqtonun siyasi sistemi Trampın Putinə güzəştə getməsinə dözümlü yanaşa bilməz:
"Əgər, ABŞ prezidenti Ukraynanı Putinə güzəştə gedərsə, bu ilin 9 mayında "nasistlər" üzərində qələbə paradı keçirə bilər və sabah yeni "nasistlər" Polşada, Moldovada və Pribaltika ölkələrində peyda olaraq Kremlin müdaxiləsinə zəmin yarada bilər. Trampın Putinə güzəştə getməsi, ABŞ-nin Rusiya qarşısında məğlubiyyətinə gətirər. Putinin bundan sonra Şərqi Avropa və Cənubi Qafqazı nəzarətə almaq üçün hərbi təzyiqlərə başlaması mümkündür. Rusiyaya məhz bu lazımdır. Birincisi, Avropa və ABŞ-ni bir- birindən ayırmaq. İkincisi, NATO-nu zəiflətmək və öz təsir zonasını formalaşdırmaq. Qeyd edim ki, Rusiya öz təsir dairəsinə keçmiş SRRİ ərazilərini və Şərqi Avropanı aid edir. Təbii ki, bu, dünyanın bölüşdürülməsi deməkdir. Sövdələşməyə meyilli olan Tramp Putindən nə istəyəcək?! Beynəlxalq güc olan ABŞ zəifləmiş Rusiyanın ümidinə qalıbmı?! Məhz Avropanı da narahat edən əsas tezis budur. Putinin zəngin təbii ehtiyatlara malik olan Arktikanı ABŞ-yə tam güzəştə getməsi mümkün deyil. Kreml Çinə qarşı ABŞ ilə ittifaqa getməz. Ümumiyyətlə, ABŞ-nin Çinə qarşı ittifaq qurmaq üçün Rusiyaya ehtiyacı yoxdur. Gözlənilən Tramp və Putin görüşündə Moskva Vaşinqtona güzəştlər naminə Ukraynada işğal etdiyi ərazilərin bir hissəsindən çıxa bilər. Tramp Putinlə sövdələşməyə gedərsə, Avropa ölkələri ABŞ-dən üz döndərəcək. Avropasız ABŞ-nin beynəlxalq güc olması mümkün deyil. Göründüyü kimi, bütün proseslər Vaşinqtonun əleyhinədir”.
Politoloq hesab edir ki, Trampın Putinlə görüşü yalnız atəşkəs əldə edilməsi, Kremlin ələ keçirdiyi bir sıra ərazilərdən çəkilməsi və qarşılıqlı olaraq müəyyən sanksiyaların aradan götürülməsi ilə nəticələnə bilər: "Tramp Ukraynada atəşkəs əldə etməklə, öz nüfuzunu qaldırmağa çalışır. Amma, Ukraynada atəşkəs qalıcı sülhə xidmət etməyəcək. Putinin Ukraynada qələbə əldə etməsi mümkün deyil. Rusiyanın qələbəsi isə Azərbaycan daxil olmaqla, keçmiş postsovet ölkələrinin müstəqilliyi təhdid altına alacaq”.
Sevinc,
BakuPost