Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da ADA Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Lənkəranda yerləşən Heydər Əliyev Mərkəzinin şəhid övladlarından ibarət musiqi qrupu, Cəfər Cabbarlı adına 1 nömrəli musiqi məktəbinin müəllim və şagirdləri, ADA Universitetinin professor-müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəhid övladları “Mən şəhid övladıyam, Vətən əmanəti!” mövzusunda Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, eləcə də şəhidlərin ailə üzvləri çıxış edərək, Xocalı faciəsinin Azərbaycan tarixindəki izindən bəhs ediblər.
Çıxışçılar gəncləri inkişaf edərək, güclənərək, öz zəkaları və elmi nailiyyətləri ilə xalqımıza xidmət etməyə, bu yolla ölkəmizin keşiyində durmağa səsləyiblər.
ADA İbtidai Məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Anım mərasimi “Xocalı”, “Ey Vətən”, “Zəfər” və digər əsərlərin ifası ilə davam edib.
Tədbir “Koroğlu” uvertürası fonunda Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidin ruhuna olan ehtiram nümayişi ilə başa çatıb.