AZ

Polşa Ukraynaya qoşun göndərməyəcəyini aşıqladı - Hansı ölkələrin orduları yeridiləcək?

Bir sıra Avropa ölkələri Ukrayna ilə Rusiya arasında atəşkəs razılaşması əldə olunacağı təqdirdə sülhü qorumaq üçün Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirir. Digər ölkələr isə əksinə, ya sülhməramlı missiyada iştirakını istisna edir, ya da bu barədə danışmaq üçün hələ tez olduğunu bildirir. “The Economist”-in yazdığına görə,ABŞ öz növbəsindəUkraynaya təkcə Aİ ölkələrindən deyil, həm də qeyri-Avropa dövlətlərindən sülhməramlıların yerləşdirilməsini düzgün hesab edəcək.

Aİ üzvü olmayan Britaniyanın Baş naziri Keir Starmer “The Telegraph” qəzetində dərc olunan məqaləsində bildirib ki, Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi Rusiya ilə mümkün sülh razılaşmasının bir hissəsi olarsa, o zaman Ukraynaya qoşun göndərməyə hazırdır.

Starmerin sözlərinə görə, sülhməramlı kontingentin göndərilməsi Ukraynanın təhlükəsizliyinin təminatlarından biri kimi qiymətləndirilə bilər.

Britaniya ordusunun keçmiş komandanı Lord Dennet bu yaxınlarda bəyan edib ki, onun hesablamalarına görə, Ukraynada effektiv sülhməramlı qüvvələrin sayı 100 min hərbçidən az olmamalıdır. Dennet, yaxşı təlim keçmiş və təchiz edilmiş qoşunların olmaması səbəbindən Britaniyanın belə bir kontingentin nüvəsi və lideri ola biləcəyinə şübhə etdiyini bildirib.

Fevralın 17-də axşam Parisdə Avropa liderlərinin görüşündən sonra jurnalistlərin suallarını cavablandıran Starmer Britaniya qoşunlarının Ukraynaya göndərilməsi məsələsinin müzakirələrin ilkin mərhələsində olduğunu və əsgərlərin sayının nə qədər ola biləcəyini hələ deyə bilməyəcəyini bildirib.

Gözlənilir ki, Fransa da Ukraynaya sülhməramlıların göndərilməsi imkanını nəzərdən keçirəcək - ölkə prezidenti Emmanuel Makron Avropanın ilk lideri kimi Ukraynaya fransız qoşunlarının göndərilməsinin mümkünlüyünü açıqlayıb.

Bazar ertəsi Almaniya Müdafiə Nazirliyinin sözçüsü də ölkə ordusunun sülhməramlı missiyada iştirakını istisna etməyib, lakin sonra kansler Şolz bildirib ki, Berlin yalnız ABŞ-ın missiyada iştirak edəcəyi təqdirdə belə bir imkana baxacaq.

İsveçin Baş naziri Ulf Kristersson missiyada İsveç hərbçilərinin iştirakını istisna etməyib.

Aİ-nin ən böyük ordularından birinə sahib olan Polşa, əksinə, mümkün sülhməramlı missiya üçün maddi-texniki dəstək vəd etsə də, öz qoşunlarını Ukraynaya göndərməyə hazır deyil. Slovakiya hakimiyyəti Ukraynaya qoşun yeritmək imkanını rədd edib.

İspaniya Xarici İşlər Nazirliyinin rəhbəri bəyan edib ki, Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi barədə danışmaq hələ tezdir.

“The Economist” amerikalı rəsmilərə istinadən yazır ki, ABŞ Ukraynadakı sülhməramlı kontingentə təkcə Avropa qoşunları deyil, həm də üçüncü ölkələrin, o cümlədən Çin və Braziliyanın hərbi qulluqçuları daxil olmasını istəyir. Deyilənlərə görə, ABŞ-ın vitse-prezidenti J.D.Vens Avropa rəsmilərinə deyib ki, təkcə Avropa sülhməramlı qüvvələri Rusiyanın Ukraynaya növbəti hücumundan çəkindirməkdə daha az təsirli olacaq. Donald Tramp administrasiyasının nümayəndələrinin sözlərindən belə çıxır ki, ABŞöz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil - Co Bayden administrasiyası da eyni siyasəti yürüdüb.

Əvvəllər Rusiya hakimiyyəti NATO ölkələrinin hərbi personalının Ukraynada yerləşdirilməsi imkanını qəti şəkildə rədd edirdi. Bazar ertəsi Kremlin sözçüsü Dmitri Peskov məsələni birbaşa şərh etməyib, "bu, çox mürəkkəb məsələdir" və "bu məsələ ilə bağlı heç bir əsaslı müzakirələr aparılmayıb" deyib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski hərbi əməliyyatların bərpa olunmamasına effektiv təminat vermək üçün Ukraynaya təxminən 200 min sülhməramlının yerləşdirilməli olduğunu iddia etmişdi.

“Washington Post” bazar ertəsi Aİ-dəki mənbələrə istinadən yazıb ki, onların Ukraynaya birlikdə göndərə biləcəkləri potensial hərbi kontingent təmas xətti boyunca yerləşdirilməyəcək 25-30 min hərbçidir, lakin “rus qoşunları müharibəni bərpa edərsə, güc nümayiş etdirməyə hazır olacaqlar”.

Rasim Əliyev

“AzPolitika.info

Seçilən
34
14
azpolitika.info

10Mənbələr