Bakı. TurkicWorld:
Bu ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 379,5 milyon ABŞ dolları təşkil edib.
Bu barədə TurkicWorld Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 160,3 milyon ABŞ dolları və ya 73,1% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 7,46%-i həcmində olub.
Cari ilin yanvarında Azərbaycan Çinə 1,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 269 min ABŞ dolları və ya 19,5% azdır. Dövr ərzində Çin ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 0,04%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycan ən çox Çindən məhsul idxal edib. Belə ki, Çindən Azərbaycana məhsul idxalı illik müqayisədə 160,6 milyon ABŞ dolları və ya 73,7% artaraq 378,4 milyon ABŞ dollarına çatıb. Dövr ərzində Çin ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 18,44%-ni təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.